Irakli Kobaxidze – Bizim düzgün kursumuz var, kursu Avropa İttifaqı düzəltməlidir
“Bizim düzgün kursumuz var, kursu Avropa İttifaqı düzəltməlidir,” – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, düzəldilməli olan kurs Avropa bürokratiyasına aiddir ki, o, Avropa İttifaqına süni şəkildə yaratdığı problemlərin qarşısını ala bilsin.
“Avropa bürokratiyasının Avropa İttifaqını hansı istiqamətə apardığını həqiqətən bilmirəm. Biz iqtisadiyyatdan da danışırıq – 2008-ci ildə dünya iqtisadiyyatında Avropa İttifaqı iqtisadiyyatının payı 30 faiz idi, indi isə 17,5 faizə düşüb. 2025-ci ilin göstəriciləri daha da aşağı olacaq. Kursu Avropa bürokratiyası düzəltməlidir ki, Avropa İttifaqına süni şəkildə yaratdığı problemlərin qarşısını alsın.
Bizim kursumuz düzgün qurulub, məqsədimizin nə olduğunu bilirik. Əsas xarici siyasət prioritetlərimizdən biri Avropa inteqrasiyasıdır. Bizim kursumuz düzəldilib, lakin Avropa bürokratiyası bu kursu hələ də düzəldə bilməyib,” – deyə baş nazir bildirib.