İrakli Kobaxidze Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə 2026-cı ildə keçiriləcək IBSA cüdo üzrə dünya çempionatına diqqət yetirilib. Çempionat çərçivəsində Gürcüstan rekord sayda iştirakçı qəbul edəcək. Ölkənin beynəlxalq parasport tədbirlərinin keçirilməsi sahəsində uğurlu təcrübəsi də qeyd olunub.
“Hökumət başçısı Beynəlxalq Paralimpiya Komitəsinin daimi dəstəyinin rolunu vurğulayıb və Endryu Parsonsa Gürcüstan Paralimpiya Komitəsi ilə sıx əməkdaşlığa görə təşəkkür edib.
Görüşdə paralimpiya hərəkatının inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar müzakirə olunub. Qeyd edilib ki, Paralimpiya Komitəsinin illik büdcəsi əhəmiyyətli dərəcədə artırılıb, parasportçular üçün nəzərdə tutulan mükafatlar isə olimpiya idmançılarının mükafatları ilə bərabərləşdirilib.
Görüşdə Gürcüstanın idman naziri Şalva Qoqoladze, Paralimpiya Komitəsinin prezidenti və parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Paralimpiya Komitəsinin vitse-prezidenti Şalva Maisuradze iştirak ediblər”, – Gürcüstan hökumətinin məlumatında bildirilir.