İrakli Kobaxidze - "BBC"nin süjeti təkcə yalan deyil, həm də xarici xüsusi xidmət orqanlarının əli ilə planlaşdırılan ucuz təxribatdır
İrakli Kobaxidze - "BBC"nin süjeti təkcə yalan deyil, həm də xarici xüsusi xidmət orqanlarının əli ilə planlaşdırılan ucuz təxribatdır

 

“BBC”nin süjeti təkcə yalan deyil, həm də xarici xüsusi xidmət orqanlarının əli ilə planlaşdırılan və iki məqsədə xidmət edən ucuz təxribatdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirilən brifinqdə deyib.

Baş nazir bildirib ki, Gürcüstanın xoş gününü istəməyənlər gürcü xalqı və onun tərəfindən seçilmiş hakimiyyətə yönəlik şantajı davam etdirmək üçün bəhanə yaratmaq istəyirlər.

“Məsələni dramatikləşdirmək üçün “BBC” yalan məlumat yaydı, guya mitinqi dağıdarkən Daxili İşlər Nazirliyi Birinci Dünya Müharibəsindən qalma qadağan olunmuş maddə “Kamiti”dən istifadə edib. Gürcüstanın daxili işlər naziri ictimaiyyətə artıq açıq şəkildə təsdiqləyib ki, mitinqin dağıdılmasında “Kamiti” maddəsindən nəinki istifadə olunmayıb, həm də Daxili İşlər Nazirliyi bu maddəni heç vaxt, o cümlədən “Milli Hərəkat”ın dövründə belə almayıb. “BBC” tərəfindən yayılan məlumat əsasında, Dövlət Təhlükəsizliyi Xidməti istintaqa başlayıb və ictimaiyyətə tam məlumat ən qısa müddətlərdə veriləcək. Aydındır ki, “BBC”nin süjeti təkcə yalan deyil, həm də xarici xüsusi xidmət orqanlarının əli ilə planlaşdırılan və iki məqsədə xidmət edən ucuz təxribatdır. Birincisi – sönmüş etiraz ruhunu süni şəkildə qızışdırmaq üçün ölkəmizin xoş gününü istəməyənlərə bəhanə yaratmaq və ikincisi – ölkəmizin xoş gününü istəməyənlər gürcü xalqı və onun tərəfindən seçilmiş hakimiyyətə yönəlik şantajı davam etdirmək üçün bəhanə yaratmaq istəyirlər. Bu süjet heç bir halda bu iki vəzifəni yerinə yetirmək üçün işə yaramayacaq.

ATƏT-in nazirlər toplantısı və Avropa Komissiyasının növbəti toplantısı yaxınlaşır, onların sənədlərində qeyri-rəsmi idarəçilər “BBC” tərəfindən yayılan yalan məlumatı sitat gətirməyə çalışacaqlar. Bunun üçün avropalı parlamentarilər də daxil olmaqla, konkret siyasətçilər adi yalan bəyanatlarla artıq zəmin hazırlayırlar. Bu kampaniya bizə avropalı bürokratiya tərəfindən və beynəlxalq mediada Mixeil Saakaşvilinin zəhərlənməsi haqda geniş yayılmış yalan üzərində qurulan kampaniyanı xatırladır. Bu kampaniya çərçivəsində Avropa İttifaqının 27 səfiri rəsmi demarşla Gürcüstanın ədliyyə nazirini ziyarət etdi. Bu gün artıq hər kəs çox yaxşı bilir ki, qeyd olunan kampaniya, eləcə də “BBC”nin süjeti yalan üzərində qurulub. Lakin, bu yalandan sonra utancverici kampaniyaya görə nə avropalı bürokratiya, nə də müvafiq media vasitələri məsuliyyət götürüb. “BBC” tərəfindən yayılan yalan məlumatın cavabsız qalmaması bizim üçün prinsipcə vacibdir. Buna görə də, artıq məlum olduğu üzrə, istintaqın aparılması ilə birlikdə, “BBC”nin müvafiq şəkildə cavab verməsi və xüsusi xidmətlərin imzası ilə yayılan yalan məlumatı təkzib etməsi üçün Britaniyanın Rabitə Tənzimləyici Komissiyasına, eləcə də lazım gələrsə, beynəlxalq ədalət mühakiməsinə müraciət etməyi planlaşdırırıq” – baş nazir bildirib.