Miqrasiya məsələsi Gürcüstan cəmiyyətini xüsusilə narahat edir. Avropada gedən proseslər fonunda cəmiyyətin narahatlığı və bu mövzuya marağı əsassız deyil, əksinə, təqdirəlayiqdir. Hər bir vətənpərvər gürcünün arzusu Gürcüstanın milli və dini kimliyini möhkəm qoruyub saxlamasıdır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizini türklər, 3,7 faizini isə iranlılar təşkil edir. Onun bildirdiyinə görə, yayılan spekulyasiyaların əksinə olaraq, regionun bu iki ölkəsinin Gürcüstan əhalisində ümumi payı 0,7 faizdir.
“Mi qrasiya Gürcüstan cəmiyyətini xüsusilə narahat edən məsələlərdən biridir. Avropada baş verən proseslər fonunda cəmiyyətin narahatlığı və bu məsələyə maraq əsassız deyil, əksinə, yalnız alqışlanmalıdır. Təbii ki, hər bir vətənpərvər gürcünün istəyi Gürcüstanın milli və dini kimliyini möhkəm qoruyub saxlamasıdır. Buna görə də miqrasiya və miqrasiya siyasəti ilə bağlı məlumatların ictimaiyyətlə paylaşılmasını zəruri hesab edirəm.
Əhalinin ümumi siyahıyaalınmasının ilkin məlumatlarına əsasən, Gürcüstanın əhalisi 3 914 000 nəfərdir. Onlardan maksimum 257 min nəfər, yəni əhalinin 6,6 faizi əcnəbidir. Qeyd edim ki, bu rəqəmə Gürcüstanda qeyri-qanuni yaşayan miqrantlar da daxildir.
Gürcüstanın Milli Statistika Xidməti dəqiqləşdirilmiş məlumatları bir neçə ay ərzində açıqlayacaq. Lakin indiyədək sərhəd keçidi məlumatlarına əsasən ölkədə yaşayan əcnəbilərin təxmini sayını müəyyən etmək mümkündür. Bu məlumatlara görə, Gürcüstanda olan əcnəbilərin təxminən 70 faizi (yəni 180 min nəfər) postsovet və Avropa İttifaqı ölkələrinin, Amerika Birləşmiş Ştatları və İsrail vətəndaşlarıdır. Onlardan azı 40 min nəfər Gürcüstanın keçmiş vətəndaşı və ya gürcü soyadına malik şəxslərdir.
Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizini türklər, 3,7 faizini isə iranlılar təşkil edir. Beləliklə, yayılan spekulyasiyaların əksinə olaraq, regionun bu iki ölkəsinin ümumi payı Gürcüstan əhalisinin cəmi 0,7 faizini təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən isə demək olar ki, ümumiyyətlə miqrant yoxdur. Bu isə spekulyasiya ilə məşğul olan siyasətçilərdən fərqli olaraq, mövzudan anlayışı olan insanlar üçün təəccüblü olmamalıdır”, – deyə baş nazir bildirib.