İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak edir

18:00, 12.11.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin (EPC) Zirvə Toplantısında iştirak edir.

İrlandiyanın Baş naziri Mihol Martin EPC-nin sayca 9-cu konfransında iştirak edən liderlərə ev sahibliyi edir.

Hökumət başçısı zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib. Konfrans İrlandiyanın Baş naziri və Avropa Şurasının Prezidenti Antonio Koştanın çıxışları ilə açılıb.

Zirvə toplantısında iştirak edən liderlər birgə şəkil çəkdiriblər.

EPC-nin sayca 9-cu zirvə toplantısı çərçivəsində baş nazir “Demokratik Avropanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi“ mövzusunda dəyirmi masa formatında keçiriləcək müzakirədə iştirak edəcək.

“Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak edirik. Dəyirmi masa formatında çıxışımız olacaq. Həmçinin, bu formatdan ikitərəfli görüşlər, liderlərlə söhbətlər üçün istifadə edirik. Bu zirvə toplantısı da belə rejimdə keçiriləcək. Dəyirmi masa Avropada demokratiyanın vəziyyətinə həsr olunub. Bütün mövzularla bağlı öz mövqeyimizi ifadə edəcəyik, o cümlədən Gürcüstanın perspektivindən avropalı dostlarımıza mövcud vəziyyəti və tendensiyaları göstərməyə çalışacağıq. Gürcüstanın əlaqəlilik baxımından əsas rolu var, o cümlədən ona görə ki, Rusiya iqtisadi baxımdan Avropanın qalan məkanından təcrid olunduqdan və Yaxın Şərqdə münaqişə başladıqdan sonra Avropa üçün təəssüf ki, şərq istiqamətində yollar bağlanıb. Cənubi Qafqaz və konkret olaraq Gürcüstan şərq istiqamətində yeganə quru qapısı olaraq qalır. Biz bu baxımdan Avropa, Avropa İttifaqı ilə əməkdaşlığa maksimum dərəcədə hazırıq və təbii ki, avropalı tərəfdaşlarımızla bu mövzuda da danışacağıq” – İrakli Kobaxidze bildirib.

Gürcüstanın Baş naziri EPC-nin Zirvə Toplantısında vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edir.

Oxşar