İrakli Kobaxidze - Avropa Siyasi Birliyinin sammitində Gürcüstan-Avropa İttifaqı münasibətlərindən danışacağıq, bu mənim çıxışımın əsas mövzusu olacaq
İrakli Kobaxidze - Avropa Siyasi Birliyinin sammitində Gürcüstan-Avropa İttifaqı münasibətlərindən danışacağıq, bu mənim çıxışımın əsas mövzusu olacaq

 
Olduqca vacib tədbirdir, bütün Avropa ölkələrinin prezidentləri və baş nazirləri buraya toplaşırlar, bu tədbirin Amerikanın prezident seçkilərindən az sonra Budapeştdə keçirilməsi xüsusilə maraqlıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl bildirib.

Kobaxidze, həm tematik paneldə, həm də plenar sessiyada çıxış edəcəyini deyib.

“Tematik paneldə, eləcə də ölkəmizlə və ölkəmiz ətrafında cərəyan edən hadisələrlə əlaqəli mesajların səslənəcəyi yekun plenar sessiyada çıxış edəcəyəm. Həmçinin, Gürcüstan-Avropa İttifaqı münasibətləri baxımından maraqlı olan bütün mövzularda bizim avropalı liderlərlə danışmaq imkanımız olacaq. Bütün mövzulardan, o cümlədən, bizim xarici siyasət prioritetimiz olan Avropa İttifaqına inteqrasiyadan bəhs edəcəyik. Bununla yanaşı, Gürcüstanda gedən proseslərdən və Gürcüstan-Avropa İttifaqı münasibətlərindən danışacağıq. Bu, mənim çıxışımın əsas mövzusu olacaq” – İrakli Kobaxidze bildirib.

Avropa Siyasi Birliyinin beşinci sammitində Gürcüstanın Baş naziri xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.