İrakli Kobaxidze: Avropa Parlamenti bizə bir daha Sovet İttifaqının Ali Sovetini xatırladır. Avropa Parlamenti və bütövlükdə Avropa bürokratiyası çox ağır vəziyyətdədir.
İrakli Kobaxidze: Avropa Parlamenti bizə bir daha Sovet İttifaqının Ali Sovetini xatırladır
Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistin “Gürcü Arzusu” partiyasının konstitusiya iddiası ilə bağlı qəbul edilmiş qətnaməyə dair sualını cavablandırarkən bildirib ki, Avropa Parlamenti yenidən Sovet İttifaqının Ali Sovetini xatırladır.
Kobaxidzenin qiymətləndirməsinə görə, Avropa Parlamenti və bütövlükdə Avropa bürokratiyası çox ağır vəziyyətdədir.
“Bizə tez-tez Avropa institutları ilə münasibətdə fərqli ritorikadan istifadə etməyi tövsiyə edirlər. Lakin Avropa Parlamenti bu cür qətnamə qəbul etdikdə və bu məzmunda debatlar keçirildikdə, müsbət şərh vermək çox çətindir. Hətta mənfi şərh verməmək də çətinləşir.
Bu cür addımları ilə Avropa Parlamenti bizə bir daha Sovet İttifaqının Ali Sovetini xatırladır. Hesab edirəm ki, Sovet İttifaqının mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovet indiki vəziyyətlə müqayisədə daha yaxşı durumda idi.
Avropa Parlamenti çox ağır vəziyyətdədir. Bütövlükdə Avropa bürokratiyası da çətin vəziyyətdədir. Bu cür debatlar və sənədlər də bunun göstəricisidir. Gürcüstan cəmiyyəti üçün isə bunlar artıq ümumiyyətlə maraqlı deyil”, – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 8-də Gürcüstanla bağlı növbəti qətnaməni qəbul edib.