İrakli Kobaxidze – Ali təhsil islahatı nəzərdə tutulan müddətlərdə tam həyata keçiriləcək və nəticədə gürcü tələbələri üçün daha yüksək keyfiyyətli ali təhsil təmin olunacaq
“Ali təhsil sistemində ümumilikdə bu gün arzuolunan vəziyyət yoxdur. Məhz buna görə ali təhsil islahatı üçün strategiya hazırlamışıq”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısının sözlərinə görə, bu strategiyanın əsas prinsiplərindən biri “bir şəhər – bir fakültə” yanaşmasıdır və bu prinsipə uyğun olaraq fakültələr universitetlər arasında bölüşdürülüb.
“Optimallaşdırma bizə mövcud resurslardan, kifayət qədər məhdud resurslardan maksimum səmərəli istifadə etməyə imkan verəcək. Bu, islahatın əsas istiqamətlərindən biridir və məhz bu prinsipdən irəli gələrək dövlət universitetlərimizdə institusional dəyişikliklər həyata keçirilib. Əlbəttə, bu islahat nəzərdə tutulan müddətlərdə tam başa çatdırılacaq. Nəticədə isə tələbələrimiz, gürcü tələbələri üçün daha yüksək keyfiyyətli ali təhsil təmin olunacaq”, – deyə İrakli Kobaxidze bildirib.