Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatında görüş zamanı ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanın regiondakı rolu, eləcə də ölkədə mövcud siyasi vəziyyətə toxunulduğu deyilir.
Onların məlumatına əsasən, baş nazir Gürcüstan hökumətinin Amerika Birləşmiş Ştatları ilə münasibətləri yenidən başlamağa və konkret yol xəritəsinə əsaslanacaq və hər iki ölkəyə nəzərəçarpacaq nəticələr verəcək strateji tərəfdaşlığı yeniləməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolu, eləcə də ölkənin tranzit potensialı vurğulanıb. İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan tərəfdaşlara çoxmilyonluq bazarlara çıxış baxımından mühüm imkanlar təklif edir. Görüş zamanı həmçinin cari siyasi proseslərə diqqət yetirilib. Hökumət başçısı qeyd edib ki, ölkədə siyasi sabitlik təmin olunub və Gürcüstan hakimiyyəti bunun qarantıdır. Gürcüstanın birinci vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani görüşdə iştirak ediblər” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Amerikanın Gürcüstandakı səfirliyi bu gün sosial şəbəkədə yazıb ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Tbilisiyə gəlib. “Senator Stiv Deyns prezident Trampın və dövlət katibi Rubionun prioritetlərini, o cümlədən “Amerika hər şeydən əvvəl” fəlsəfəsinin gündəliyini və Gürcüstan hökumətinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yaxşılaşdırılmasına ciddi yanaşdığını göstərmək üçün ata biləcəyi addımları səsləndirməyi planlaşdırır” – ABŞ səfirliyi yazıb.