İrakli Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbinliyimizi qoruyub saxlayırıq. Strateji tərəfdaşlıq barədə həm Trampla qısa söhbətimiz zamanı, həm də Marko Rubio ilə danışdıq

13:24, 09.10.2026

Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-la strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbinliyini qoruyub saxlayır. Onun sözlərinə görə, artıq qarşı tərəfdən hücumlar yoxdur və münasibətlər əsaslı şəkildə yaxşılaşıb.

İrakli Kobaxidzenin sözlərinə görə, BMT-yə səfəri çərçivəsində ABŞ-la strateji tərəfdaşlıq məsələsini həm Donald Trampla qısa söhbəti, həm də Marko Rubio ilə görüşü zamanı müzakirə edib.

“ABŞ-la strateji tərəfdaşlığın bərpası məsələsində nikbinliyimizi qoruyub saxlayırıq. Hadisələrə sakit yanaşırıq. Əvvəlki administrasiyanın dövründə onların tərəfindən bizə qarşı səsləndirilən hücumlara necə sakit yanaşırdıqsa, indi də prosesləri eyni şəkildə izləyirik.

Allaha şükür, artıq bu hücumlar yoxdur və münasibətlər əsaslı şəkildə yaxşılaşıb. Strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbinliyimizi qoruyuruq. Qalan məsələlər ABŞ administrasiyasından asılıdır.

Strateji tərəfdaşlıq barədə həm Trampla qısa söhbətimiz zamanı, həm də cənab Rubio ilə qısa danışığımızda müzakirələr apardıq. Qeyd etdiyim əsas məsələ məhz strateji tərəfdaşlığın bərpası idi.

Ümumi məlumat verə bilərəm, lakin təfərrüatları açıqlaya bilmərəm, çünki söhbət açıq formatda aparılmayıb. Müzakirələr zamanı işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar