İrakli Kobaxidze – 2028-ci ilə qədər proqramlaşdırılmış hədəf işsizlik səviyyəsinin 4 faizdən aşağı düşməsi və orta əməkhaqqının 3 500 laridən yuxarı olmasıdır; mövcud templərlə bu hədəflərə çatmaq mümkündür
İrakli Kobaxidze – 2028-ci ilə qədər proqramlaşdırılmış hədəf işsizlik səviyyəsinin 4 faizdən aşağı düşməsi və orta əməkhaqqının 3 500 laridən yuxarı olmasıdır; mövcud templərlə bu hədəflərə çatmaq mümkündür

“Aprel ayında bizdə iqtisadi artım 7,5 faiz təşkil etdi ki, bu da yaxşı və yüksək göstəricidir. İlk dörd ayın orta artım tempi isə 8,8 faiz idi və bu baxımdan, Gürcüstan iqtisadi artım üzrə nəinki geniş regionda, həm də Avropa miqyasında lider mövqelərini qoruyub saxlayır,” – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, iqtisadi inkişaf gələcəkdə də davam edəcək.

“2022-2024-cü illərdə, yəni son üç ildə Gürcüstanda muzdla çalışanların sayı 185 min nəfər artıb və onların orta əməkhaqqı 1300 laridən 2217 lariyə yüksəlib. Buna görə də, ölkədə qeydə alınan iqtisadi artım əhalinin geniş təbəqələrinə də təsir göstərir. Əsas məsələ bu templə irəliləməyə davam etməkdir. Bizim milli məqsədlərimizdən biri də yoxsulluğun tam aradan qaldırılmasıdır və bunun üçün əsas amil iqtisadi artımdır. Bu səbəbdən, gələcəkdə də sürətli iqtisadi artımı təmin etmək üçün bütün diqqətimizi bu istiqamətə yönəltməliyik.

Bizim konkret hədəflərimiz var. 2028-ci ilə qədər proqramlaşdırılmış məqsəd ondan ibarətdir ki, işsizlik səviyyəsi 4 faizdən aşağı düşsün, orta əməkhaqqı isə 3 500 laridən yuxarı olsun. Hesab edirik ki, mövcud templərlə bu hədəflərə çatmaq mümkündür və qalan hər şey tamamilə bizdən asılıdır,” – deyə İrakli Kobaxidze bəyan edib.