İrakli Kobaxidze: 2027-ci ildən dəmir yolu sahəsində çalışan bütün əməkdaşların əməkhaqqı 20 faiz artırılacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, 2027-ci ildən dəmir yolu xəttində çalışan bütün əməkdaşların əməkhaqqı 20 faiz artırılacaq.
Bu barədə baş nazir Dəmiryolçular Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.
İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan Dəmir Yollarında əldə olunan nəticələr, ümumilikdə, dəmiryolçuların bir neçə nəslinin əməyinin bəhrəsidir.
Hökumət başçısı qeyd edib ki, 154 il ərzində dəmiryolçuların bir neçə nəsli çox mühüm bir işə xidmət edib.
“Bu gün hər bir dəmiryolçuya xüsusi təşəkkürümü bildirmək istəyirəm. Dəmir yolunun fasiləsiz və təhlükəsiz fəaliyyətini hər gün, çox vaxt olduqca çətin şəraitdə təmin edən bütün dəmiryolçulara minnətdarlığımı bildirirəm.
Eyni zamanda qeyd etmək istəyirəm ki, qərarımıza əsasən, 2027-ci ildən dəmir yolu xəttində çalışan bütün əməkdaşların əməkhaqqı 20 faiz artırılacaq.
Cənab Laşaya bu təşəbbüsə görə təşəkkür etmək istəyirəm. Əziz dəmiryolçular, bir daha sizə əməyinizə və ölkəmiz qarşısındakı xidmətlərinizə görə minnətdarlığımı bildirir, Dəmiryolçular Günü münasibətilə hər birinizi təbrik edirəm”, – deyə İrakli Kobaxidze bildirib.