İrakli Kobaxidze – 2025-ci ildə qoyulan təməl gələn ilin Gürcüstan üçün daha da uğurlu olacağına möhkəm əsas yaradır
İrakli Kobaxidze – 2025-ci ildə qoyulan təməl gələn ilin Gürcüstan üçün daha da uğurlu olacağına möhkəm əsas yaradır

Yeni il arzuların gerçəkləşməsi və məqsədlərin həyata keçməsi ümidi ilə qarşıladığımız bayramdır. Məhz bunu – arzularınızın reallaşmasını və qarşıya qoyduğunuz bütün məqsədlərə çatmağı – hər birinizə və ailələrinizə arzulayıram, – bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Yeni il təbrikində qeyd olunub.

İrakli Kobaxidzenin sözlərinə görə, 2025-ci il çətinliklərlə dolu olsa da, eyni zamanda ölkəmiz üçün uğurlu il olub.

“Yeni ilinizi təbrik edirəm. Hər bir həmvətənimizi, xaricdə yaşayan soydaşlarımızı, Abxaziyada və Samaxablo bölgəsində yaşayan gürcüləri, abxazları və osetinləri Yeni il münasibətilə təbrik edirəm.

Müəllimləri, həkimləri, incəsənət xadimlərini, dövlət qulluqçularını, əsgərləri, polis əməkdaşlarını, hakimləri, prokurorları, təhlükəsizlik strukturlarının nümayəndələrini, sahibkarları, fermerləri, kəndliləri, fəhlələri, bütün peşə sahiblərini təbrik edirəm.

Yeni il arzuların gerçəkləşməsi və məqsədlərin həyata keçməsi ümidi ilə qarşıladığımız bayramdır. Məhz bunu – arzularınızın reallaşmasını və qarşıya qoyduğunuz bütün məqsədlərə çatmağı – hər birinizə və ailələrinizə arzulayıram.

2025-ci il çətinliklərlə dolu olsa da, eyni zamanda ölkəmiz üçün uğurlu oldu. Ötən il ərzində Gürcüstanda sülhü daha da möhkəmləndirdik, Gürcüstanın müstəqilliyini və suverenliyini gücləndirdik, tarixdə ilk dəfə 100 milyardı keçən gürcü iqtisadiyyatını möhkəmləndirdik. Keçən il həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və hüququn aliliyinin möhkəmləndirilməsi baxımından da dönüş nöqtəsi oldu.

2025-ci ildə qoyulan təməl gələn ilin Gürcüstan üçün daha da uğurlu olacağına möhkəm əsas yaradır.

2026-cı il ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır: gələn il xristianlığın dövlət dini elan edilməsinin 1700 illik yubileyini qeyd edəcəyik. Xristianlıq Gürcüstanın kimliyinin əsas sütunlarından biridir və təkcə inancımızı deyil, mədəniyyətimizi də müəyyənləşdirir.

Yeni il münasibətilə Müqəddəs və Mübarək II İliyaya təbriklərimi çatdırıram; onun yarıməsrlik fəaliyyəti Gürcüstanın möhkəmlənməsinə əvəzsiz töhfə verib.

Xristianlığa sədaqət, Tanrının və Müqəddəs Məryəmin himayəsi bizə çoxsaylı sınaqlara baxmayaraq əsrlər boyu dövlətçiliyimizi və milli özünəməxsusluğumuzu qoruyub saxlamaq imkanı verib. Bütün bunlar “Gürcü arzusu”nun vahid Gürcüstan haqqında xəyalının bir gün mütləq gerçəkləşəcəyinə olan inamımızı möhkəmləndirir.

Xristianlığın əsasında sevgi dayanır, sevgi isə öz növbəsində hər bir insanın və ya dövlətin gücünün əsasını təşkil edir.

Buna görə də hər birinizə daha çox sevgi, daha çox xeyirxahlıq, sülh, sağlamlıq, xoşbəxtlik və 2026-cı yeni ildə irəliləyiş arzulayıram!

Yeni illiniz mübarək”, – deyə baş nazirin Yeni il təbrikində bildirilir.