İrakli Kobaxidze – 1 martdan etibarən əcnəbilərin əmək fəaliyyəti qanunla məhdudlaşdırılır, Konstitusiyaya edilmiş dəyişikliklə isə kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə satışı qadağan olunub
Gürcüstanda əcnəbilərin əmək fəaliyyəti 1 martdan etibarən qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Bu isə həm ölkə iqtisadiyyatının, həm də vətəndaşlarımızın maraqlarını lazımi şəkildə qorumağa imkan verəcək. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
Baş nazirin sözlərinə görə, hökumət bu qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır.
“2017-ci ildə məhz bizim hakimiyyətimiz tərəfindən Gürcüstan Konstitusiyasına dəyişiklik edildi və bu dəyişikliklə kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə özgəninkiləşdirilməsi qadağan olundu. Gürcüstanın milli və dini kimliyinin qorunması və saxlanılması bizim əsas milli vəzifələrimizdən biridir və Gürcüstan hökuməti bu istiqamətdə hər şeyi edəcək”, – deyə İrakli Kobaxidze bildirib.