İrakli Kirtsxalia "Gürcü Arzusu" fraksiyasının sədri və parlament çoxluğunun lideri oldu
İrakli Kirtsxalia "Gürcü Arzusu" fraksiyasının sədri və parlament çoxluğunun lideri oldu

 

İrakli Kirtsxalia “Gürcü Arzusu” parlament fraksiyasının sədri vəzifəsində Mamuka Mdinaradzeni əvəz edib. İrakli Kirtsxalia parlament çoxluğunun lideri də olacaq.

Bu barədə Gürcüstan Parlamentinin Bürosunun bugünkü iclasında məlum olub.

“İrakli Kirtsxalianın “Gürcü Arzusu” fraksiyasının sədri seçilməsini qəbul edirik. Onu təbrik edirik. Bu, böyük məsuliyyətdir və ona uğur arzulayırıq. İllər ərzində Mamuka Mdinaradzenin uğurlu fəaliyyətindən sonra eyni templə davam etməyimiz vacibdir. Levan Macavarianinin fraksiya sədrinin birinci müavini, İoseb Corbenadzenin isə müavini seçilməsini qəbul edirik. Onları da təbrik edirəm və uğurlu fəaliyyət arzulayıram” – Şalva Papuaşvili bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze avqustun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Mamuka Mdinaradzenin namizədliyini irəli sürüb.

Parlament Mamuka Mdinaradzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri kimi bu gün təsdiqləyib.