İrakli Ğaribaşvili növbəti məktubunu paylaşır

21:08, 20.10.2026

 

Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili növbəti məktubunu paylaşır və ona qarşı davam edən işin siyasi motivli, böhtan üzərində qurulduğunu qeyd edir.

Ğaribaşvili məktubda “Baş nazir və müdafiə naziri olduğu dövrdə ölkənin müdafiəsinin möhkəmləndirilməsi üçün nələrin edildiyini” təsvir edir.

“Oktyabrın 19-da məhkəmə prosesim başladı. Bununla əlaqədar bəyan etmək istəyirəm ki, bu, siyasi motivli, böhtan üzərində qurulmuş işdir və bu mənasız işin təfərrüatları haqqında ictimaiyyət bütün həqiqəti prosesin gedişində öyrənəcək.

Mənə qarşı irəli sürülən böhtan xarakterli ittihamın ən həssas məsələlərdən birinə – Müdafiə Nazirliyinə və ölkənin müdafiə qabiliyyətinə aid olduğuna görə, baş nazir və müdafiə naziri olduğum dövrdə ölkənin müdafiəsinin möhkəmləndirilməsi üçün nələrin edildiyini ictimaiyyətlə qısaca bölüşməyi məqsədəuyğun hesab edirəm.

Bu dövrdə həyata keçirildi:

Müdafiə Qüvvələrinin uzunmüddətli inkişafının planlaşdırılması;

Hərbi texnika və silahların yenilənməsi;

Hərbi infrastrukturun və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması;

NATO standartlarına yaxınlaşma və NATO standartlarına uyğun silahlara keçid;

Hərbi aviasiya və hava hücumundan müdafiə imkanlarının inkişafı və digər bir çox mühüm layihələr.

“Hər şeyin ən yaxşısı orduya!” – nazir təyin olunduğum andan etibarən baxışımı, siyasətimi və bütün qərarlarımı əsaslandırdığım şüarım bu idi. Müdafiə Qüvvələri ilə birlikdə ictimaiyyətə 10 illik inkişaf strategiyasını və fəaliyyət planını təqdim etdik (bu təcrübə və nümunəni daha sonra bütün hökumət, bütün nazirliklər üçün məcburi etdim).

Komandam və Müdafiə Qüvvələri ilə birlikdə hərbi infrastrukturun inkişafı məqsədilə miqyaslı işlərə başladıq. Bütün hərbi bazalar NATO-nun vahid standartlarına uyğun olaraq təmir və bərpa olundu. 2023-cü ilin sonunadək 270 obyekt, o cümlədən kazarmalar, yeməkxanalar, idman kompleksləri və yaşayış binaları tikildi və bərpa edildi. Ümumilikdə 500-dən çox obyekt təmir olundu.

“Ordu şəhəri”ni tikdik və 1000-dən çox hərbi qulluqçuya minimum qiymətə mənzillər verdik. Bu layihənin davam etdirilməsi öhdəliyini və zəmanətlərini isə Müdafiə Məcəlləsində təsbit etdik ki, vəzifədən getməyimdən sonra da onun məcburi davam etdirilməsi təmin olunsun.

Yuxarıda qeyd olunan şüara uyğun olaraq əsgərlər üçün ən yaxşısını etməyə çalışırdım: şəxsi ekipaj, formalar, ayaqqabılar, qaydaya salınmış sosial məsələlər, 50% artırılmış əməkhaqları, tamamilə yenilənmiş avtopark, hərbi avtomobillər, xüsusi texnika, zirehli avtomobillər, yenilənmiş silahlar, ehtiyatların doldurulması. Silahların satın alınması üzrə onlarla müqavilə bağlandı, hava hücumundan müdafiə sistemlərini bərpa etdik və satın aldıq, hərbi aviasiyanı – təyyarə və helikopterləri tam bərpa etdik, artilleriyanı, logistikanı və müdafiənin bütün imkanlarını gücləndirdik…

Bu, mənim rəhbərliyim dövründə ordumuz üçün görülən işlərin qısa siyahısıdır.

Müdafiə naziri və baş nazir olduğum müddətdə ordu üçün nə etdiyimi bilən biri varsa, bunu ilk növbədə ordumuz bilir.

Bunu təsdiqləmək üçün daha bir faktı xatırlayacağam: 2020-ci ilə qədər “Gürcü Arzusu” ordunun qapalı məntəqələrində bütün seçkiləri uduzurdu. Yalnız mənim müdafiə naziri olduğum dövrdə, 2020-ci ilin parlament seçkilərində, ordunun qapalı məntəqələrində “Gürcü Arzusu” səslərin 85–90%-ni topladı. Düşünürəm ki, tək bu fakt belə çox şeydən xəbər verir.

Olduqca çox problemli məsələni tənzimləyən yeni Müdafiə Məcəlləsinin qəbul edilməsi mühüm idi. Xüsusilə 10 000-dən çox gənci yoldan çıxaran və hərbi xidmətdən yayınmağa imkan verən ən anti-milli və küfr xarakterli, dırnaqarası “Qirçi layihəsi”ni vurğulamaq istəyirəm…

Biz bu anti-dövlət layihəsini məhdudlaşdırdıq və ləğv etdik. Məcəllə həmçinin məcburi hərbi xidmət islahatını da tənzimlədi ki, buna əsasən, bu gün məcburi hərbi xidmətə çağırış yalnız müdafiə qurumunda həyata keçirilir.

Konkret modullar işlənib hazırlandı. Altıaylıq proqramı keçdikdən sonra gənc həm nəzəri, həm də praktiki bilik əldə etmiş olacaq. Nəticədə, ölkənin psixoloji və mənəvi cəhətdən hazırlaşmış, sağlam vətənpərvər ehtiyatda olan hərbçiləri olacaq. Bu prosesin ilkin hazırlıq mərhələsi isə məktəblilər üçün hərbi düşərgələr idi və indi də belədir.

Bütün bunlardan ona görə danışıram ki, əhalimiz ölkəmizin və onun müdafiəsinin maraqlarının şəxsən mənim üçün nə demək olduğunu bilsin.

İndi, heç vaxt etmədiyim bir şeydə günahlandırıldığım bir vaxtda böyük yazıçının sözləri yadıma düşür:

“Bütün zamanların böhtançıları yaxşı bilirdilər ki, insan üçün ən qəddar cəza onun məhz özünün mübarizə apardığı əməldə günahlandırılmasıdır”.

Buradaca Davit Qareci məsələsini yada salmaq istəyirəm. Mənim müdafiə naziri olduğum dövrdə bu istiqamətdə işləri bərpa etdik.

İctimaiyyətin bilməsini istəyirəm ki, hələ illər əvvəl, ilk baş nazirliyim dövründə, danışıqlarda Gürcüstanın mövqelərini gücləndirmək üçün lazımi olan orijinal xəritələri əldə etməyə cəhd göstərmişdik.

2020-ci ilə qədər ölkədə üç baş nazir, iki müdafiə naziri və üç daxili işlər naziri dəyişdi. Təəssüf ki, Davit Qareci ilə bağlı heç nə edilməyib. Əksinə, vəziyyət pisləşdi.

Mənim koordinasiyamla Müdafiə Nazirliyində işçi qrupu yaradıldı. Tam mənzərəni bərpa etdik, keçmişdə yol verilmiş cinayət xarakterli əməlləri öyrəndik. Məlum oldu ki, Saakaşvilinin dövründə qəbul olunmuş qərarlar əsasında yanlış xəritələrdən istifadə etməklə Gürcüstanın sərhədini təhrif etməyə çalışan şəxslər hələ də dövlət komissiyasının üzvləri idilər.

Tezliklə Müdafiə Nazirliyinin Kartoqrafiya Departamentinin peşəkarları tərəfindən hazırlanmış konkret baxışı, mülahizələri və çıxış yollarını partiyanın təsisçisi Bidzina İvanişviliyə təqdim etdim. Onun səyi nəticəsində Davit Xidaşeli tərəfindən xəritələrin əsli Tbilisiyə gətirildi. Həmçinin hüquqi reaksiya verildi – istintaq başladı.

Nəticədə dövlətin mövqeləri əhəmiyyətli dərəcədə gücləndi. Bu barədə Gürcüstan Patriarxlığı tam məlumatlandırılmışdı və ilk gündən prosesə Davit Qareci monastırının arximandriti Kirion cəlb olunmuşdu (ilk baş nazirliyim dövründə onun təşəbbüsü və təşviqi ilə Davit Qareci məsələsi üzərində işləməyə başladım və müdafiə naziri olaraq qayıdan kimi onunla birlikdə prosesi bərpa etdim).

Mənim qərarımla dövlət komissiyası da yeniləndi və onun tərkibinə yeni üzvlər – vətənpərvər peşəkarlar saldıq.

Məhkəmə prosesi 2023-cü ilin sonunadək davam etdi. Həmçinin hüquqi məsələlərdə bizə kömək edəcək beynəlxalq konsaltinq şirkətləri də seçmişdik.

Azərbaycan bizim dostumuz, strateji tərəfdaşımız və qonşu dövlətimizdir. Ümid edirəm ki, danışıqlar məhz bu ruhda davam edəcək və Davit Qareci məsələsi ədalətli şəkildə həll olunacaq.

Və son olaraq, mən bütün qəlbimlə ordumuza və vətənimizə xidmət etdim. Mənə qarşı davam edən siyasi təqib və böhtan ölkəmizə, hakimiyyətin özünə və iqtidar partiyasına qarşı təhqirdir” – İrakli Ğaribaşvili yazır.

Oxşar