İrakli Ğaribaşvili növbəti məktub paylaşır – “Şər əməllər törədirsiniz, ehtiyatlı olun”

20:27, 21.09.2026

 

Cəmiyyətdə mənim həbsimlə bağlı suallar var, çoxlu qeyri-müəyyən versiya və spekulyasiya yayılır. Əvvəlki məktublarımda əsas motivlə bağlı qismən izahat vermiş və eyhamlar vurmuşdum, lakin bu məsələni daha da genişləndirmək və məni həbsxanaya salmalarının real səbəbini insanlara izah etmək qərarına gəldim. Mənim tutulmağımın əsas məqsədi və motivi məni siyasi cəhətdən neytrallaşdırmaq, xalq arasında adım və nüfuzuma zərər vurub, nüfuzdan salmaq, son nəticədə isə siyasi gələcəyimi məhv etmək idi və hal-hazırda belədir — bu barədə Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili tərəfindən “Facebook”da dərc olunmuş növbəti məktubda qeyd olunub.

Ğaribaşvili bildirib ki, ona qarşı həyata keçirilən hər bir şey siyasi motivlidir və bunun hüquqi proseslə heç bir əlaqəsi yoxdur.

Ğaribaşvilinin məktubunda qeyd etdiyi kimi, o, bu gün həbsxanada absurd şübhələr, qorxular və həsəd ucbatından oturur.

“Təsəvvüredilməz namərdlik etdikdən, mənə çirkli tələ qurduqdan, verdikləri sözdən qaçdıqdan, razılaşmanı pozduqdan və evimə basqın etdikdən sonra elə həmin gün mənə belə bir mesaj ötürdülər: “Təmiz qala bilməyəcəksən, siyasəti unutmalısan” — və ardınca vəd verdilər: “Həbsxanada bir gün belə qalmayacaqsan, çoxillik şərti cəza və cərimə”. Yenə də məni “aldatdılar”. Yanvarın 4-də gözlənilmədən bildirdilər ki, şərtlər dəyişdi və mən 5 illik həbsxanaya getməliyəm. Artıq təqsirimi etiraf etmişdim, girov müqabilində azadlıqda idim və vəd olunmuş şərtlərlə prosessual razılaşmanın bağlanmasını gözləyirdim.

Məktublarımda cəmiyyətə artıq izah etdiyim kimi, Bidzina İvanişvili ilə 20 illik münasibətimə və ona olan münasibətimə görə bir kəlmə etmədən siyasi qəssabxanaya qalxdım və həbsxanada oturdum, çünki qarşıdurmaya girmək istəmirdim. Bununla öz qurbanımı verdim, həmçinin komandanı və ölkəni qorudum. Əvəzində isə üçüncü “aldatmanı” aldım.

Fevral ayında vasitəçi vasitəsilə əlaqə baş tutduqda, qəzetdən başqa, hakimiyyətin əsas mesajı bu məzmunda idi: mənim tutulmağımla hakimiyyət mənə nisbətən daha çox zərər gördü… Başa düşdüm ki, mənə böhtan atırlar və yeni çirkli təxribat hazırlayırlar. Səbəb aydın idi — xalq arasında məni lazımi səviyyədə nüfuzdan sala bilmədilər və tutulmağımla, eləcə də onu müşayiət edən təbliğatla gözlədikləri effekti ala bilmədilər.

Bundan sonra, iyula qədər heç bir əlaqə olmadı və cəmiyyətə artıq məlum olduğu kimi, tamamilə gözlənilmədən mənə məktub və yeni şərtlər göndərdilər, şifahi olaraq isə vasitəçi vasitəsilə çatdırdılar ki, mənim tutulmağımla hakimiyyət çox zərər görüb, mənim nüfuzuma isə əhəmiyyətli zərər dəyməyib. Xalqın və xüsusən “Gürcü Arzusu” seçicilərinin mənə olan rəğbəti artdı, üstəlik də hakimiyyətin devrilməsi işi üzrə mühakimə olunan onlarca şəxsin şərti cəza ilə azadlığa buraxıldığı bir fonda. İnsanlar üçün mənim 5 il həbsxanada saxlanılmağım anlaşılmaz və izahsız idi, çünki mən təqsirimi etiraf etmişdim, zərəri ödəmişdim, zərərçəkən heç kəs yox idi və cəriməni də ödəmişdim. Buna görə də hakimiyyət üçün mənim məhbusluğum yükə çevrildi.

Buna həbsxanadan çıxdıqdan sonra siyasətə qayıtmamağımla bağlı mənasız şübhələr və qorxular da əlavə olundu. Buna görə də məndən yeni, çirkli korrupsiya ittihamını etiraf etməyimi tələb edirdilər ki, bir tərəfdən adımı yekun olaraq məhv etsinlər, digər tərəfdən isə siyasətə qayıtmağım riskini əlavə olaraq sığortalasınlar.

Bundan irəli gələrək, mənim həbsim əvvəldən axıra qədər, ilk gündən siyasi idi və mənə qarşı həyata keçirilən hər şey siyasi motivlidir, bunun hüquqi proseslə hiç bir əlaqəsi yoxdur. Mən bu gün absurd şübhələr, qorxular və həsəd ucbatından həbsxanada oturmuşam, bu mənə və ailəmə qarşı təsəvvüredilməz ədalətsizlik və şərdir.

Son iki həftə ərzində hakimiyyətin yalan və çirkli təbliğatı gülünc və aciz üsullarla mənə qarşı nüfuzdan salma kampaniyasını davam etdirir, bu da yalnız qorxudan irəli gəlir. Həmçinin hakimiyyət nümayəndələrinin riyakar və saxta bəyanatlarını dinlədim, bunlara belə cavab vermək istəyirəm: Hiss etdiyim qədərilə, çox əylənmisiniz və rola girmisiniz. Riyakarlıq etməyin! Əvvəlcə öz gözünüzdəki tiri çıxarın, sonra korrupsiyadan danışın. İnsanlar çox yaxşı bilir ki, bu tam bir farsdır və cəmiyyətimizə qarşı təhqirdir.

Bu gülməli və şər tamaşalarla siz dövlət institutlarını təhqir etdiniz və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda rişxənd obyektinə çevirdiniz; daxili və ya xarici düşmənlərə danışmaq üçün arqumentlər verdiniz və ən əsası, öz ölkənizə, hakimiyyətə və hakim partiyanın özünə çox böyük, düzəldilməz zərər vurdunuz. Öz düşüncəsiz siyasətiniz və əməllərinizlə ölkəni fasiləsiz xaos və bitməz böhrana saldınız, öz seçicinizi belə çaşdırdınız, insanları və ailələri qəzəbləndirdiniz, xalqda ümidsizlik, qeyri-stabillik və proqnozlaşdırıla bilinməyən gələcək qorxusu yaratdınız. Siz artıq Saakaşvilinin yolu ilə gedirsiniz və “Milli Hərəkat”ın idarəetmə metodlarını geri qaytarırsınız…

Şər əməllər törədirsiniz, ehtiyatlı olun!” — İrakli Ğaribaşvilinin məktubunda deyilir.

Oxşar