İrakli Ğaribaşvili növbəti bəyanatını yayır
Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə növbəti bəyanatını yayır.
“2021-ci ilin fevralında baş nazir postuna hansı vəziyyətdə qayıtdığımı
ictimaiyyətə faktlarla xatırlatmaq istəyirəm:
Ölkədə kəskin siyasi böhran, “Covid” pandemiyası (peyvənd qıtlığı), qapalı ölkə, qapalı iqtisadiyyat, mənfi altı faizlik iqtisadi tənəzzül, doqquz faizlik büdcə kəsiri var idi, hökumətin borcu ÜDM-ə nisbətdə 60%-i keçirdi, larinin məzənnəsi 3,3–3,4 həddinə qalxmışdı, hər şey dayanmışdı və ölkə faktiki olaraq “defolt” təhlükəsi ilə üz-üzə idi.
Belə bir böhran içində olan ölkəni və komandanı Qaxaria gözlənilməz şəkildə xəyanət edib istefa verəndə tərk etdi. Hakimiyyət dağılmaq üzrə idi, hakim partiya – demoralizə olunmuşdu, komanda – çaşqınlıq içində idi, partiyanın o zamankı reytinqi isə 35–37%-dək düşmüşdü. 2021-ci ilin fevralın 18-də bu cür dağılmış hakimiyyəti təhvil aldım.
Baş nazir təyin olunan kimi, ən qısa müddətdə tarazlığı bərpa etdik, komandanı möhkəmləndirdik, vəziyyəti sabitləşdirdik, komanda ilə birlikdə cəsarətli, kəsərli, səmərəli və o zaman üçün riskli addımlar atdıq: ölkəni açdıq, üç növ peyvənd gətirdik, “Covid” diktaturasından imtina etdik və xalqımıza peyvəndləmə ilə bağlı tam azadlıq elan etdim.
Paralel olaraq, qapalı iqtisadiyyatı açdıq, biznesə və iqtisadi inkişafa güclü təkan verdik. “Covid” şəraitində bütün ölkə miqyasında yeni təşəbbüslərin həyata keçirilməsinə, böyük infrastruktur layihələrinə, regionların yenilənməsi proqramına başladıq və bütün bələdiyyələrdə işləri genişləndirdik.
Həmin il yerli seçkiləri inamla qazandıq. 43%-lik həddi aşdıq və 47% topladıq.
Destabilizasiyanın və Saakaşvilinin iştirakı ilə inqilab təşkil etmək cəhdinin qarşısını aldıq, bütün destruktiv qüvvələrə öz yerini göstərdik və siyasi böhranı bitirdik. Və nəhayət, misilsiz iki rəqəmli iqtisadi artımla həm 2021, həm də 2022-ci ili bağladıq.
Ölkə iqtisadiyyatı ən sürətlə mənim üçillik hakimiyyətim dövründə artdı. Üç ildə iqtisadiyyat otuz milyard lari artdı. İnflyasiyaya nəzarət edə bildik – inflyasiya hədəf göstəricisindən aşağı düşdü və ayrı-ayrı dövrlərdə 1%-dən də aşağı idi. Nəticədə, qiymətlər üzərindəki təzyiq götürüldü. Məsələn, Türkiyə bazarının açılması və dərmanlara istinad qiymətlərinin tətbiq edilməsi ilə dərmanların qiyməti dərhal düşdü – orta hesabla 30–40% azaldı və nəticədə, iki ildə ölkəmizin əhalisinə 400 milyon lari qənaət etdirdik. Buradaca xatırladım ki, bunadək dərmanlar 100–300%-lik qiymət artımı ilə satılırdı və səmərəli nəzarət mövcud deyildi.
Büdcə kəsirini 9%-dən 2,8%-dək endirdik, larinin məzənnəsini 2,6–2,7 çərçivəsində sabitləşdirdik. Hökumətin borcunu üç ildə kəskin şəkildə 60%-dən 38%-dək azaltdıq.
Əhaliyə və xüsusilə imkansız vətəndaşlara yönəlmiş məqsədli proqramlarla (məsələn, hər il 500 milyon lari ayırdıq və sosial baxımdan müdafiəsiz ailələrin uşaqlarına aylıq əlavələr təyin etdik) işsizlik və yoxsulluq səviyyəsi tarixi minimuma endirildi, on minlərlə yeni iş yeri yaradıldı.
Çoxillik fasilədən sonra dövlət qulluqçularının maaşlarını artırdıq (üç ildə polislərin, əsgərlərin və xüsusi xidmət orqanları əməkdaşlarının maaşlarını 40-50% artırdıq), pensiyaları artırdıq, müəllim və həkimlərin maaşlarını qaldırdıq.
Yüksək və real iqtisadi artım bizə il ərzində dəfələrlə dövlət büdcəsini artırmağa və əlavə vəsaitləri ölkənin və əhalinin müxtəlif ehtiyaclarına yönəltməyə imkan verirdi.
Bütün sahələr və bütün istiqamətlər sürətli templə inkişaf edirdi. Gürcüstan iqtisadi artım tempi ilə Avropa İttifaqına üzv və namizəd ölkələr arasında birinci yerdə idi. Aşağı inflyasiya göstəricisi ilə üçüncü yerdə idik, hökumətin borcunun azlığına görə isə – onuncu yerdə. Mənim üçillik hakimiyyətim dövründə komanda ilə birlikdə ən çətin böhranlara üstün gəldik. İnqilab və müharibəyə cəlb olunma kimi real təhlükələrin qarşısını aldıq.
Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdən, ən çətin təzyiqə baxmayaraq, ölkəmizin milli maraqlarını qətiyyətlə və güzəştsiz qoruduq, destabilizasiya və real müharibə təhlükəsini dəf etdik. Ölkə daxilində gedən sürətli inkişafla paralel olaraq fəal xarici siyasət yürüdürdük.
Üç ildə 25 xarici səfər həyata keçirdik. Avropa İttifaqına üzvlük tələbi ilə müraciət daxil etdik. Yeni strateji sazişlər və azad ticarət müqavilələri imzaladıq. Çinə, Brüsselə, Avropa paytaxtlarına, Amerikaya, Yaxın Şərq və Körfəz ölkələrinə, İsrailə və İordaniyaya uğurlu səfərlərim oldu (Zati-müqəddəsin, İkinci İlianın xeyir-duası ilə, üç yüz ildən sonra Gürcüstan Müqəddəs Torpağa qayıtdı).
Regionda dostluq və strateji münasibətləri möhkəmləndirdik. Son dövrdə Azərbaycan və Ermənistan arasında ilk vasitəçilik məhz mənim iştirakımla həyata keçirildi. Həmçinin, ilk dəfə hər üç ölkənin baş nazirlərinin görüşü Tbilisidə baş tutdu.
və son olaraq:
Nə ölkə daxilində, nə də ölkə xaricində heç kimin qarşısında baş əymədən, yalnız ölkəmizin milli maraqlarını güzəştsiz müdafiə edərək və komandamızın birgə səyləri ilə 2023-cü ilin dekabrında Avropa İttifaqına namizəd statusunu əldə etdik. Əldə olunmuş nəticələrlə və ən əsası, demokratik üsullarla bütün radikal müxalifəti siyasi olaraq sıfırladıq, heç kimə deməyə və danışmağa söz qoymadıq. 2024-cü ilin yanvarında hökumətimin fəaliyyətini bəyənmə reytinqi, partiyanın reytinqi kimi, 60% təşkil edirdi.
Bu nəticələrlə 2024-cü ilin yanvar ayının sonunda baş nazir vəzifəsindən ayrıldım.
O vaxtdan bəri demək olar ki, üç il keçib və xalqdan soruşmaq istəyirəm: ölkədə vəziyyət yaxşılaşdı, yoxsa pisləşdi — istər daxili, istərsə də xarici siyasət istiqamətində?!” — İrakli Ğaribaşvili yazır.