İrakli Ğaribaşvili – Mən heç kimlə mübarizə aparmıram, yalnız özümü və ailəmi qoruyuram, buna görə də atacağınız hər bir addıma eynilə cavab verməyə məcbur olacağam
Hakimiyyətə müraciət edirəm, ən başından bəri mənə qarşı çirkin təxribat törətdiniz, namərdcəsinə tələ qurdunuz, sözünüzə inandım, səmimi və kor-koranə etibar edərək arxanızca gəldim, lakin siz məni aldatdınız və yarıyolda qoydunuz, qurban etdiniz – bu barədə Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.
“Hakimiyyət nümayəndələrinin şərhlərini, onların ekspertlərinin yalan və böhtan xarakterli bəyanatlarını dinlədim. Televiziya məkanında və sosial mediada həddini aşmış təbliğatı izləyirəm. Bütün bunlar, əlbəttə ki, gözlənilən idi və onların məqsədi də mənə aydındır, lakin sizə demək istəyirəm ki, əbəs yerə əziyyət çəkirsiniz. Bu məktubu Mdinaradze öz yaxın dostunun əli ilə mənim ailə üzvümə ötürüb. Həmin insan tamamilə təsadüfən bu çətinliyin ortasında qaldı, buna görə də bilərəkdən onun adını və soyadını açıqlamıram. Mdinaradzeyə gəlincə, günahsız insanlara zərər vurmaq istəmirsə, yalan tirajlamağın başını buraxsın və tam məsuliyyəti üzərinə götürsün.
İctimaiyyətə bir daha xatırlatmaq istəyirəm ki, artıq səkkiz aydır həbsxanada dinməz-söyləməz oturmuşam. Heç kim mənim ictimai şəkildə tək bir sözümü belə eşitməyib. Nə sağa, nə də sola tək bir addım belə atmamışam. İndi hakimiyyətə müraciət edirəm: ən başından bəri mənə qarşı çirkin təxribat törətdiniz, namərdcəsinə tələ qurdunuz, sözünüzə inandım, səmimi və kor-koranə etibar edərək arxanızca gəldim, lakin siz məni aldatdınız və yarıyolda qoydunuz, qurban etdiniz, quldur və cinayətkarammış kimi evimə basqın etdiniz, ailəmi, həyat yoldaşımı və övladlarımı təşvişə saldınız, anamın və atamın, qayınatamın və qayınanamın evinə basqın etdiniz… Bütün bu dəhşətli ağrını və faciəni, hər şeyi səbirlə və sükutla, Bidzina İvanişvili ilə iyirmi illik münasibətimə görə, ona olan böyük sevgim, hörmətim, sonsuz minnətdarlığım və mütləq sədaqətimin gücü ilə qəlbimə sığdırdım… Həmçinin siyasi ailəmin, komandamın və ölkəmizin mənafeləri naminə bütün bu ağırlığı sözsüz öz üzərimə götürdüm və öz ayaqlarımla sizin qurduğunuz amansız qurbangaha getdim. Nəticədə, komanda daxilindəki müəyyən bir qrupun yaratdığı yalan qavrayışlar, təxəyyüllər, paxıllıq, qorxular və şübhələr ucbatından məni beş il müddətinə həbsxanaya göndərdiniz. Tamamilə səbəbsiz yerə məni həbsxanaya məhkum etdiniz və qurban verdiniz.
İndi həbsxanada da mənə rahatlıq vermirsiniz, bu məktubla qarşıma gəlib, siyasətdən həmişəlik uzaqlaşmağım üçün hesabladığınız bir faizlik riski də sığortalamaq bəhanəsilə korrupsiya ittihamını etiraf etməyimi tələb edirsiniz. Bütün bunlar qeyri-əxlaqi şantaj və təzyiq ilə müşayiət olunurdu — artıq ikinci dəfədir ki, 75 yaşlı atamın həbs olunacağına eyham vurulur.
Siz mənim qəlbimin və ruhumun elə qatlarına toxundunuz ki, sözün əsl mənasında məni “partlatdınız” və başqa yol qoymadınız… Mən heç kimlə mübarizə aparmıram, yalnız özümü və ailəmi qoruyuram, buna görə də atacağınız hər bir addıma eynilə cavab verməyə məcbur olacağam.
Sosial şəbəkələrdə və ya televiziyada təşkil etdiyiniz ləyaqətsiz və böhtan xarakterli kampaniyaya, ekspertlərinizin və spikerlərinizin yalan mülahizələrinə və tezislərinə gəlincə, sizə bir şey deyəcəyəm: ehtiyatlı olun — tezliklə həqiqətimi dərk edəndə öz bəyanatlarınızdan utanc duyacaqsınız. Hər biriniz məni yaxşı tanıyırsınız; mən yenə həmin İrakli Ğaribaşviliyəm, vətənimizə, hamınıza və bütün komandaya xidmət etdiyim həmin təmiz qəlblə və sədaqətlə buradayam. Məndən ölkə, komanda və Bidzina İvanişviliyə xəyanət edən bir insan çıxarmaq üçün əbəs yerə və acizcəsinə çabalayırsınız. Mən “murdarlarla sülh bağlamaram”… Heç vaxt ölkəmə qarşı çıxmamışam və çıxmayacağam da. Buna görə də dayanın və susun!
Son olaraq, bir daha aydın şəkildə bəyan etmək istəyirəm: Mən heç kimlə və heç kimə qarşı mübarizə aparmıram; mən yalnız özümü və ailəmi qoruyuram!” – İrakli Ğaribaşvili “Facebook” səhifəsində yazır.