İrakli Ğaribaşvili İsveçin səfiri ilə görüşüb
Baş nazir İrakli Ğaribaşvili ilə İsveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ulrik Tidestrom arasında Gürcüstanın Aİ-yə üzvlük üçün rəsmi müraciəti və Gürcüstan və İsveç arasında münasibətlər əsas müzakirə mövzusu olub.
Hökumət başçısı qeyd edib ki, Avropa Komissiyasının doldurulmuş sorğu vərəqəsinin birinci hissəsi artıq Aİ Nümayəndəliyinin rəhbərinə təhvil verilib, ikinci hissəsi isə yaxın vaxtlarda Aİ-yə təhvil veriləcək.
Baş nazirin sözlərinə görə, sorğu vərəqəsinin Avropa Komissiyası tərəfindən Gürcüstana təhvil verilməsi Aİ ilə münasibətlərdə yeni mərhələdir və bu, ölkəyə Aİ-yə daxil olmaq üçün səylərini gücləndirmək üçün böyük məsuliyyət qoyur.
Tərəflər Gürcüstan və İsveç arasında uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər. İrakli Ğaribaşvili İsveç səfirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, eləcə də Aİ-yə inteqrasiya prosesinə və onun Avropa islahatları gündəliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib, İsveçin Gürcüstanın ən böyük beynəlxalq donorlarından biri olduğunu və ölkənin demokratik, sosial və iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Söhbət zamanı Gürcüstan və İsveç arasında siyasi əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Ölkələr arasında siyasi istiqamətdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyi vurğulanıb ki, bunu yüksək səviyyəli səfərlərin və görüşlərin tezliyi sübut edir.
Tərəflər Ukraynada davam edən hərbi əməliyyatları da müzakirə ediblər. İrakli Ğaribaşvili Gürcüstanın Ukraynaya siyasi dəstəyini və həmrəyliyini, xüsusilə gürcü tərəfinin Ukrayna xalqına göstərdiyi humanitar yardımı bir daha təsdiqləyib.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.