İrakli Ğaribaşvili – Gürcüstan və Qafqaz tarixində ilk dəfə olaraq UNESCO-nun qərarı ilə ölkəmizdə iki əraziyə biosfer qoruğu statusu verilib
Gürcüstan və Qafqaz tarixində ilk dəfə olaraq UNESCO-nun qərarı ilə ölkəmizdə iki əraziyə biosfer qoruğu statusu verilib. Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
O, hökumətin bu tarixi nəticə üçün 2015-ci ildən çalışdığını və layihədə iştirak edən hər bir dövlət qurumuna, eləcə də ölkənin beynəlxalq dostlarına və tərəfdaşlarına təşəkkürünü bildirib.
“Biosfer qoruğu təbii və insan resurslarından ehtiyatlı istifadə etməklə regionun ekoloji, iqtisadi və sosial vəziyyətini yaxşılaşdırır, biznesi, xüsusən də ekoloji məhsul istehsalı baxımından təşviq edir, turizm potensialını artırır və beləliklə, davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
Dedoplistskaro Biosfer Qoruğu və Üç Alazani Biosfer Qoruğunun beynəlxalq səviyyədə tanınması yerli əhalinin sosial və iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək və region və bütövlükdə ölkə üçün yeni inkişaf imkanları yaradacaq.
Biz 2015-ci ildən bu tarixi nəticə üçün çalışırıq. Layihədə iştirak edən hər bir dövlət qurumuna, eləcə də beynəlxalq dostlarımıza və tərəfdaşlarımıza göstərdiyi səylərə görə təşəkkür edirəm”, – deyə İrakli Ğaribaşvili bildirib.