İrakli Ğaribaşvili Ermənistanın müdafiə naziri ilə görüşüb

16:36, 04.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanla görüşüb.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri müzakirə olunub. Müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd olunub ki, Gürcüstan və Ermənistan müxtəlif fəaliyyətləri özündə ehtiva edən müdafiə sahəsində uzun illər təcrübəyə malikdir. Səfər zamanı imzalanan 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planının regionda sülhün möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb. Regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

Ukraynada davam edən müharibənin qlobal təhlükəsizlik arxitekturasına, o cümlədən Cənubi Qafqaza təsiri qeyd edilib. Regionda sülh və sabitliyin təşviq edilməsinin zəruriliyi vurğulanıb. Baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə üç ölkə arasında dialoq formatının yaradılmasını və qarşılıqlı faydalı sahələrdə əməkdaşlığı nəzərdə tutan “Cənubi Qafqazda Qonşuluq Sülh Təşəbbüsü” müzakirə edilib.

Qeyd olunub ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub və regional dialoqa yardım etməyə hazırdır. Hökumət Administrasiyasında keçirilən görüşdə Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Oxşar