İrakli Ğaribaşvili Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Ermənistan və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq və mehriban qonşuluq münasibətləri məsələləri müzakirə olunub.
Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə dünyada və regionda təhlükəsizlik məsələləri müzakirə olunub. Baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə üç ölkə arasında dialoq formatının yaradılmasını və qarşılıqlı faydalı sahələrdə əməkdaşlığı nəzərdə tutan “Cənubi Qafqazda Qonşuluq Sülh Təşəbbüsü” müzakirə edilib. Qeyd olunub ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub və regional dialoqa yardım etməyə hazırdır.
Eyni zamanda, Ermənistan prezidenti sülh dialoqu prosesinə verdiyi töhfəyə görə İrakli Ğaribaşviliyə təşəkkür edib.
Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələr arasında enerji, nəqliyyat kommunikasiyaları və Qara dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub. Ticarət sahəsində əməkdaşlıq müzakirə olunub. Bildirilib ki, 2022-ci ilin birinci rübündə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12% artaraq 170,49 milyon ABŞ dolları təşkil edib. Vurğulanıb ki, Ermənistan və Gürcüstanın ticarət dövriyyəsini artırmaq üçün daha da geniş imkanları var.
Görüşdə Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Naziri Robert Xaçaturyan, ER Xarici İşlər Nazirinin müavini Paruir Hovhannisyan, Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, prezidentin müşaviri Ruben Sadoyan iştirak ediblər.
Gürcüstan tərəfdən görüşdə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze, xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Gürcüstanın müvəqqəti işlər vəkili İrakli Kvançaxadze iştirak ediblər.