İrakli Ğaribaşvili Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqiyeva ilə görüşüb.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqiyeva Gürcüstanda investisiya mühiti, cari iqtisadi proseslər, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın bərpası dinamikası və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan konkret tədbirləri müzakirə ediblər. Bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Onların sözlərinə görə, hökumət başçısı BVF-nun icraçı direktoruna Gürcüstanda həyata keçirilən layihələrə və islahatların gündəliyini dəstəklədiyinə görə təşəkkür edib.
“Söhbət Gürcüstanın Aİ-yə üzvlük müraciəti ətrafında olub. Baş nazir qeyd edib ki, Gürcüstan Avropa Komissiyasının özünüqiymətləndirmə anketini vaxtından əvvəl doldurub və hazırda ölkə müvafiq qərarı gözləyir.
Baş nazir Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə Gürcüstan iqtisadiyyatının pandemiyadan sonrakı dövrdə sürətli bərpa dinamikası barədə danışıb və pandemiya dövründə BVF-nin dəstəyi ilə həyata keçirilən müvafiq proqramın mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı Ukraynada davam edən hərbi əməliyyatlara diqqət yetirilib. Qeyd edilib ki, Gürcüstan Ukraynaya həm siyasi səviyyədə, o cümlədən beynəlxalq formatlarda dəstəyini davam etdirir”, – baş nazirin mətbuat xidməti bildirib.