İrakli Çikovani Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşündə iştirak edib
Gürcüstanın müdafiə naziri Almaniya Federativ Respublikasında səfərdə olub. İrakli Çikovani Ramştayn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 25-ci görüşündə iştirak edib.
Bu haqda məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Ramştayn formatında görüşdə Ukraynanı dəstəkləyən ölkələrin müdafiə nazirliklərinin rəhbərləri və yüksək rütbəli rəsmilər iştirak ediblər.
“Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşünün açılışını ABŞ-ın müdafiə katibi Lloyd Ostin edib. Ukraynanın Prezidenti Volodimir Zelenski Lloyd Ostinlə birlikdə Ramştayn formatının 25-ci görüşündə çıxış edib. Onlar Ukraynada davam edən müharibə vəziyyətini, Ukraynaya koordinasiyalı hərbi yardım göstərilməsinin təcili və uzunmüddətli ehtiyaclarını müzakirə ediblər. ABŞ-nin müdafiə katibi Ukraynaya sonrakı yardım paketindən danışıb və həmçinin Təmas Qrupunun görüşündə sonuncu dəfə iştirak etdiyini qeyd edib.
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu 2022-ci ilin aprelində Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılıb və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.