Gürcüstan Müdafiə Qüvvələrində hərbi bazaların abadlaşdırılması və infrastruktur işləri intensiv şəkildə davam edir. Müdafiə naziri İrakli Çixovani Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiashvili ilə birlikdə bir neçə obyektdə aparılan işlərlə tanış olub və tikinti mərhələləri barədə ətraflı məlumat alıb.
Müdafiə qurumunun rəhbər şəxsləri Muxrovanidə inşa olunan Xüsusi Əməliyyatlar Komandanlığının hərbi bazasına baş çəkiblər.
Müdafiə Nazirliyinin məlumatına görə, hazırda demək olar ki, kazarmaların, tədris korpuslarının, reyncer məktəbinin, yeməkxananın, tibbi məntəqənin, çoxfunksiyalı idman meydançasının, avtoparkın, anbarların, vertodromun, qazanxanaların tikintisi, həmçinin daxili və xarici təmir işləri artıq yekunlaşma mərhələsindədir.
“Yaxın vaxtlarda abadlaşdırmanın ikinci mərhələsinə başlanacaq ki, bu da daxili kommunikasiya və ərazinin tənzimlənməsini nəzərdə tutur. Xüsusi Əməliyyatlar Komandanlığının müasir standartlara uyğun mərkəzi 24 yeni bina və 3 köhnə binanın reabilitasiyasını əhatə edir. Layihə tamamlandıqdan sonra mərkəz Xüsusi Əməliyyatlar Komandanlığının yeni yerləşmə yeri olacaq. Müdafiə naziri və Müdafiə Qüvvələrinin komandanı Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının yeni dislokasiya məntəqəsində görülən işlərlə də tanış olublar. Bölmədə komandanlıq, briqada və üç batalyonun qərargahları, dörd kazarma, yeməkxana, tibbi məntəqə, idman zalı və tədris siniflərində daxili və xarici təmir işləri aparılır. Layihə hazırda ikinci mərhələdədir ki, bu da kommunikasiya işlərinin başa çatdırılmasını və ərazinin abadlaşdırılmasını özündə ehtiva edir,” – məlumatda bildirilir.