İordan çayının qərb sahilində İsrail qoşunları ilə israilli yeni məskunlaşanlar arasında qarşıdurma baş verib
İordan çayının qərb sahilində İsrail qoşunları ilə israilli yeni məskunlaşanlar arasında qarşıdurma baş verib.
Medianın məlumatına əsasən, toqquşma israilli yeni məskunlaşanların Kusra kəndi yaxınlığında iki yerli fələstinli ailəni mühasirəyə almasından sonra baş verib.
Medianın yazdığı kimi, israilli yeni məskunlaşanlar fələstinlilərin evlərini tərk etməsinə imkan vermirdilər, bu səbəbdən İsrail Müdafiə Qüvvələri onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Fələstinli sakinlər bəzi ailələrin bir neçə gün ərzində faktiki olaraq öz evlərində həbs olunmuş vəziyyətdə qaldığını deyiblər. İsrail ordusu isə israilli yeni məskunlaşanların əməlini qanunsuz və yerli əhaliyə zərər vuran addım kimi qiymətləndirib.
“Reuters”in məlumatına əsasən, İordan çayının qərb sahilində, Fələstinin Kusra kəndinin kənar məhəlləsində baş verən insident israilli yeni məskunlaşanlar ilə hərbçilər arasında qarşıdurmanın nadir hallarından biridir.
Məlumat üçün bildirək ki, fələstinlilərin yaşadığı İordan çayının qərb sahilini İsrail 1967-ci ilin Yaxın Şərq müharibəsi zamanı ələ keçirib. Qərb sahilinin əhalisi 4 milyondan çoxdur, onların 3,3 milyondan çoxunu fələstinlilər, 670 000-ni isə israillilər təşkil edir.