İohan Vadepul - Ukraynanın NATO-ya üzvlüyünün qadağan edilməsi 28 bəndlik sülh planından çıxarılıb
Almaniyanın xarici işlər naziri İohan Vadepul ABŞ və Ukrayna arasında Cenevrədə aparılan danışıqların avropalılar üçün “həlledici uğur” gətirdiyini bildirir.
O, Avropa ilə bağlı məsələlərin, o cümlədən Ukraynanın NATO-ya üzvlüyünün qadağan edilməsinin 28 bəndlik sülh planından çıxarıldığını bildirib.
Almaniyanın ictimai radiostansiyası “Deutschlandfunk”a danışan nazir qeyd edib ki, avropalılar və ukraynalılar olmadan heç bir razılaşma qəbul edilməməlidir.
“Avropa ilə bağlı bütün məsələlər, o cümlədən NATO ilə bağlı məsələlər bu plandan çıxarılıb. Bu, dünən əldə etdiyimiz həlledici uğurdur. Əvvəldən aydın idi ki, dəfələrlə dediyimiz kimi, avropalıların və ukraynalıların iştirakı olmadan heç bir razılaşma qəbul edilməməlidir” – İohan Vadepul bildirib.
Məlumat üçün bildirək ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün əvvəlcə mediada yayılan “sülh planı”na əsasən, “Rusiya qonşu ölkələrə hücum etməyəcək, NATO genişlənməyəcək”. Daha sonra media “NATO-nun genişlənməyəcəyi” ilə bağlı ABŞ-nin planının üçüncü bəndinin çıxarıldığı Avropa əks-təkliflərinin mətnini yaydı.