İohan Vadepul – Rusiyanın qonşularının Avropa ilə yaxınlaşması məsələsi Moskvada həll olunmamalıdır, buna görə də Ermənistan və Azərbaycanın öz gələcəklərini özlərinin müəyyən etməsi vacibdir
Almaniyanın xarici işlər naziri İohan Vadepul Azərbaycan və Ermənistana rəsmi səfərlər edir.
Vadepul noyabrın 17-də Bakıya, noyabrın 18-də isə Yerevana səfər edəcək. Bu, onun Almaniyanın xarici işlər naziri qismində region ölkələrinə ilk səfəridir.
“Deutsche Welle”nin məlumatında, səfərin əsas məqsədlərindən birinin Cənubi Qafqaz ölkələrinin Avropa ilə münasibətlərinin gücləndirilməsi olduğu deyilir.
“Cənubi Qafqazda görürük ki, Rusiya Cənubi Qafqaz xalqlarının və onların gələcəyinin hesabına öz təsirini qoruyub saxlamağa çalışır. Lakin Rusiyanın qonşularının Avropa ilə yaxınlaşması məsələsi Moskvada həll olunmamalıdır. Məhz buna görə Ermənistan və Azərbaycanın öz gələcəklərini özlərinin müəyyən etməsi vacibdir. Onların səsini dinləmək və maraqlarını nəzərə almaq vaxtı yetişib” – Vadepul qeyd edib.
Almaniyanın xarici işlər naziri, Avropanın regionda öz tərəfdaşlığının gücləndirilməsinə dəstək verməkdə və Rusiyanın təsirinin genişlənməsinə yol verməməkdə maraqlı olduğunu deyib.
Səfər çərçivəsində Almaniya Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə də diqqət yetirəcək.
Almaniyanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Yerevanda danışıqların istiqamətlərindən biri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması olacaq. Bakıda isə gündəlikdə enerji sahəsində əməkdaşlıq məsələsi durur.
Vadepulun qiymətləndirməsinə əsasən, enerji təchizatı mənbələrinin şaxələndirilməsi baxımından Azərbaycan Almaniya üçün mühüm tərəfdaşdır.
Almaniyanın xarici işlər naziri Azərbaycanda insan hüquqlarının vəziyyətinə və ölkənin daxili siyasi vəziyyətinə də toxunacaq.
Almaniyanın xarici işlər naziri Cənubi Qafqazla münasibətlərin dərinləşdirilməsinin region ölkələrinin Avropa məkanına yaxınlaşmasına, iqtisadi imkanların artmasına və sabit mühitin formalaşmasına şərait yaradacağını bildirib.