"İnter"in idman direktoru - Xviça Kvaratsxelianı götürmədiyimizə görə peşmanam #1TVSPORT
Xviça Kvaratsxelianı əlavə etmək fürsətindən istifadə edə bilmədik və buna görə peşmanam – bu barədə “İnter”in idman direktoru Piero Ausilio “La Gazzetta dello Sport”a müsahibəsində deyib.
50 yaşlı Piero Ausilio 1998-ci ildən “İnter”də müxtəlif vəzifələrdə, o cümlədən on ildən artıq müddətə idman direktoru vəzifəsində çalışıb.
“Ən çox Marko Brankanın dövründə seçdiyimiz Mateo Kovaçiç və Marselo Brozoviçin transferləri ilə qürur duyuram. Həmçinin, pulsuz əlavə etdiyimiz və bir ildən sonra 55 milyon avroya satdığımız Andre Onananın müqaviləsi ilə. Əlbətdə, bu siyahıya Lautaro Martines, İan Bisek və Markus Turamı daxil edirəm.
Lakin, “Napoli” və “Paris Saint-Germain”də öz izini artıq qoymuş futbolçuya görə müəyyən qədər peşmanlıq hələ də qaldı. Kvaratsxelianı İtaliyanın bir çox böyük klublarına təklif ediblər, beləliklə, bu, təkcə mənim səhvim deyildi.
Onu götürmək (komandaya daxil etmək) niyə problemə çevrildi? Biz 3-5-2 sxemi ilə oynayırdıq, o isə 4-3-3 sxeminə uyğunlaşdırılmışdı, ona görə cəsarət edə bilmədik. Mən isə komandanı formalaşdırarkən məşqçinin ideyalarına hörmətlə yanaşıram” – “İnter”in idman direktoru deyib.