İnfrastruktur nazirinin sabiq müavini Koba Qabunia saxlanılıb, sabiq nazir İrakli Karseladzenin evində isə axtarış aparılıb
Vəzifə səlahiyyətindən sui-istifadə faktı üzrə infrastruktur nazirinin sabiq müavini Koba Qabunianı saxlayıblar, sabiq nazir İrakli Karseladzenin evində isə axtarış aparılıb – bu haqda İstintaq Xidmətinin rəis müavini İa Axalaia Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə deyib.
“Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilən tədbir çərçivəsində, dövlət siyasi vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə faktı üzrə publik hüquqi şəxs Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun kuratoru olan Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunianı saxlayıblar” – Axalaia bildirib.
Onun verdiyi məlumata əsasən, kompleks tədbirlər çərçivəsində saxlanılan Koba Qabunia, sabiq infrastruktur naziri İrakli Karseladze və digər şəxslərin şəxsi və yaşayış evlərində ümumilikdə 20 müxtəlif obyektdə axtarışlar aparılıb.
“Artıq məlum olduğu üzrə, publik hüquqi şəxs Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun sabiq icraçı direktoru Davit Tabidze, fondun proqram meneceri və eyni xidmətin layihə meneceri saxlanılmışdı. Onlar istintaqla tam əməkdaşlıq ediblər və məhkəmə tərəfindən barələrində qətimkan tədbiri kimi girov tətbiq olunub.
İctimaiyyətə həmçinin məlumdur ki, Bələdiyyə İnkişaf Fondundan 30 uşaq bağçasının bərpası üçün ayrılmış 9 365 801 larinin dələduzluq yolu ilə mənimsənilməsi və 1 211 000 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə MMC “Lagi Capital”ın rəhbər şəxsləri saxlanılıblar.
İstintaq materiallarına əsasən, MMC “Lagi Capital” tərəfindən 2023-cü ilin iyulundan 2024-cü ilin may ayına qədər olan dövrdə fonda təqdim edilən avans tələbləri əsassız və yalnız qismən təmin edilib. Adı çəkilən şəxslər Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunianın tapşırığı ilə vəzifə səlahiyyətindən sui-istifadə ediblər və üstünlük vermək məqsədilə, şirkət tərəfindən 2023-cü ilin iyul ayında alınan avansın təyinatı üzrə xərclənməməsinə baxmayaraq, 2023–2024-cü illərdə MMC “Lagi Capital”a uşaq bağçalarının bərpası üçün yenə də 11 218 380 lari məbləğində əsassız avans veriblər, bu vəsaitin 9 365 801 larisini MMC “Lagi Capital”ın rəhbər şəxsləri dələduzluqla mənimsəyiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 1 və 2-ci hissələri, 180-ci maddəsinin 2 və 3-cü hissələri, 194-cü maddəsinin 2 və 3-cü hissələri və 362-ci maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə cəzanın növü kimi 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Qeyd olunan və oxşar kateqoriyalı işlər üzrə Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə korrupsiya cinayətlərində iştirak edən şəxslərin ifşa olunmasını, onların məsuliyyətə cəlb olunmasını və korrupsiya faktlarının maksimum dərəcədə qarşısının alınmasını təmin etmək məqsədilə intensiv əməliyyat və istintaq hərəkətlərini davam etdiririk” – İa Axalaia bildirib.