İlia Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirilir
İlia Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirilir

Aksiyada ali təhsil ocağının tələbələri və professor-müəllim heyəti iştirak edir.

Toplaşanlar Gürcüstan hökumətinin qərarına etiraz edirlər. Qərara əsasən, İlia Dövlət Universitetində qəbul yalnız pedaqogika proqramları və ABET akkreditasiyasına malik STEM ixtisasları üzrə elan olunacaq.

Hökumətin qərarının açıqlanmasından sonra universitetin Akademik və Nümayəndəlik şuralarının iclası keçirilib.

İclasdan sonra universitetin rektor müavini Giorgi Qvalia tələbə qəbulu kvotalarının təsdiqini qeyri-legitim adlandırıb və bildirib ki, universitet öz mövqeyini sübut etmək üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün hüquqi mexanizmlərdən istifadə edəcək.

İlia Dövlət Universitetinin rektoru Nino Doborcqinidze isə ali təhsil müəssisəsini həm hüquqi yollarla, həm də etiraz vasitəsilə müdafiə edəcəklərini bəyan edib.

“Biz Gürcüstanda universitet təhsilinin dağıdılması ilə prinsipial şəkildə razı deyilik. Bu 20 illik nailiyyəti hər vasitə ilə, o cümlədən hüquqi və etiraz yolu ilə qoruyacağıq. Qərar qəbul edən şəxslərin təhsillə heç bir əlaqəsi yoxdur”, – deyə Doborcqinidze vurğulayıb.