İlham Əliyev – Azərbaycan və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri dostluğun möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün yaxşı fürsət yaradır
Azərbaycan və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri dostluğun möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün yaxşı fürsət yaradır – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiqi ilə görüşündə bildirib.
İlham Əliyev Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və gündəlikdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.
Öz növbəsində, Fərzanə Sadiqi qeyd edib ki, İran Prezidentinin planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq ilə bağlı fikirləri müzakirə ediblər.