İlham Əliyev – Bu gün Avropa İttifaqının on üzv dövləti Azərbaycandan qaz idxal edir, bu coğrafiyanın genişlənmə potensialı var
Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen ilə görüşü zamanı deyib.
İlham Əliyev, Avropa İttifaqında ticarətin həcminin 70 faizindən çoxunun Azərbaycanın payına düşdüyünü bildirib. İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal və dinamik dialoq mövcuddur və Bakı Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verir.
“Bu gün Avropa İttifaqının on üzv dövləti Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişlənmə potensialı var. Azərbaycan öz neft və qaz resurslarının Avropaya nəql edilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədilə mühüm siyasi və diplomatik səylər göstərib, böyük maliyyə resursları yatırıb. Cənub Qaz Dəhlizi birgə səylərimizin layiqli nümunəsidir. Nəqliyyat əlaqələrinin inkişafı müzakirələrimizin mühüm hissəsi idi. Azərbaycan fəal iştirakçı və bir çox hallarda regional nəqliyyat layihələrinin təşəbbüskarıdır da. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlər bizə bütün iştirakçıların maraqlarına xidmət edən geniş əməkdaşlıq formatı yaratmağa imkan verib” – İlham Əliyev qeyd edib.
Azərbaycan Prezidentinin bəyanatına əsasən, Bakı bərpa olunan enerji sahəsində Avropa Komissiyasının strateji tərəfdaşına çevrilə bilər.
Azərbaycan Prezidenti Ermənistanla münasibətlərdən də danışıb.
“Sülh praktikada da əldə olunub. Biz artıq onun faydasını görürük. Sülhün təkcə kağız üzərində qalmadığını, gündəlik həyatda da hiss olunduğunu nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atmışıq. Azərbaycan öz ərazisindən keçməklə Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu məhdudiyyətlər Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazilərimizin işğalı səbəbindən tətbiq edilmişdi” – İlham Əliyev qeyd edib.