İlham Əliyev Bakıda Almaniya və Rusiyanın keçmiş yüksəkvəzifəli şəxslərinin qeyri-rəsmi görüşünün keçirildiyini, bu barədə əvvəlcədən məlumatlandırılmadığını bildirir
Azərbaycan Prezidenti İlham Əliyev iyul ayında Bakıda Almaniya və Rusiyanın keçmiş yüksəkvəzifəli şəxslərinin qeyri-rəsmi görüşünün keçirildiyini bildirib. Bu barədə Əliyev Berlində Almaniyanın Kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərlə söhbəti zamanı deyib.
O, görüşün 12–14 iyul tarixlərində baş tutduğunu və Azərbaycan hakimiyyətinin bu barədə əvvəlcədən məlumatlandırılmadığını bildirib.
“Bizim ərazimiz xəbərimiz olmadan belə bir görüşün keçirilməsi üçün istifadə olunub. Təfərrüatları şərh edə bilmərəm, çünki görüşdə iştirak etməmişik, lakin uçuş məlumatları Bakıda belə bir gizli görüşün həqiqətən də baş tutduğunu təsdiqləyir” – Əliyev bildirib.
Azərbaycan Prezidentinin sözlərinə əsasən, əgər görüşün məqsədi Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatmasına töhfə vermək idisə, Bakı bunu yalnız təqdir edər.
Öz növbəsində Almaniyanın Kansleri Fridrix Merts qeyd edib ki, Almaniya hökumətinin sözügedən görüşlə heç bir əlaqəsi yoxdur.
“Bu görüş haqqında heç nə bilmirəm” – Merts bildirib.
“Bloomberg”in məlumatına əsasən, Bakıda keçirilən qeyri-rəsmi görüşdə Almaniya tərəfindən keçmiş kansler Anqela Merkelin administrasiyasının rəhbəri Ronald Pofalla və Brandenburqun sabiq baş naziri Matias Plattsek iştirak ediblər. Rusiya nümayəndə heyətinə isə Rusiyanın Mülki Cəmiyyət və İnsan Hüquqları Şurasının sədri Valeri Fadayev və Rusiyanın keçmiş vitse-baş naziri, hazırda “Gazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov daxil idilər.