İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb
İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb
Azərbaycan və Rusiya arasında münasibətlər tam normallaşıb. Bunu Azərbaycanın Prezidenti İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda Rusiya ilə əlaqələrlə bağlı suala cavabında bildirib.
“Bir daha vurğulamaq istəyirəm ki, Rusiya ilə münasibətlərə böyük önəm veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Vladimir Putinin ölkələrimiz arasındakı münasibətlərin müsbət dinamikası ilə bağlı açıqlamalarını da görmüşük.
Siz müəyyən çətinliklərdən bəhs etdiniz. Bəli, hamımız bunun fərqindəyik. Lakin əsas məsələ odur ki, bu mərhələ artıq geridə qalıb. Mən deyərdim ki, münasibətlər tam normallaşıb.
Müxtəlif səviyyələrdə təmaslar davam edir. Hökumətlər, hökumətlərarası komissiyanın həmsədrləri, eləcə də xarici işlər nazirlikləri və prezident administrasiyaları xətti ilə fəal əlaqələr həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, hər şey normal istiqamətdə inkişaf edir və bu bizi sevindirir”, – deyə Əliyev bildirib.
İlham Əliyevin sözlərinə görə, Rusiya və Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də daha geniş regional əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır.
“Bu münasibətlərə həm ənənəvi əməkdaşlıq sahələri, həm də gələcəkdə inkişaf etdirilə biləcək yeni istiqamətlər daxildir. Nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Vacib istiqamətlər arasında ticarət və humanitar əməkdaşlıq da var”, – deyə Azərbaycan Prezidenti qeyd edib.