İlham Əliyev – Azərbaycan Avropa bazarına elektrik enerjisi də tədarük etmək istəyir. Bunun yeganə marşrutu Gürcüstan və Türkiyədən keçir. Bu imkanları genişləndirməliyik
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycan artıq Ermənistandan keçməklə Naxçıvana elektrik ötürücü xətlərin çəkilməsini nəzərdə tutan layihə hazırlayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanın elektrik şəbəkəsi Rusiya, İran, Gürcüstan və Gürcüstan üzərindən Türkiyə ilə əlaqəlidir.
Əliyev bildirib ki, Ermənistandan keçməklə Naxçıvana, oradan isə Türkiyə və Avropaya uzanacaq enerji dəhlizi böhran vəziyyətində Ermənistanın enerji sisteminin sabitliyinin təmin olunmasına da kömək edə bilər. Onun fikrincə, layihə nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşıdır.
Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan regionda neft, qaz və elektrik enerjisi baxımından böyük resurslara malik yeganə ölkədir. O, bölgədə enerji böhranının dərinləşə biləcəyini və buna müharibələr, artan risklər, enerji resurslarının daşınması ilə bağlı logistika zəncirlərində yaranan problemlər və digər amillərin səbəb ola biləcəyini qeyd edib.
Əliyev həmçinin bildirib ki, Azərbaycan Avropa bazarına qaz və neftlə yanaşı, elektrik enerjisi də ixrac etmək istəyir. Onun sözlərinə görə, hazırda bunun yeganə marşrutu Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır və bu imkanlar genişləndirilməlidir.
O, Qara dəniz sualtı elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazır olduğunu bildirib. Əliyev əlavə edib ki, ikinci ötürücü xətt Azərbaycanın imkanlarını daha da gücləndirəcək. Həmçinin 2024-cü ilin noyabrında Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi barədə razılaşma əldə edildiyini xatırladıb.
İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinə də toxunub. Onun sözlərinə görə, dəhliz vasitəsilə 15 milyon ton və ya daha çox yükün daşınması əlavə iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın artmasına səbəb olacaq. Naxçıvanın isə mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilə biləcəyini bildirib.
Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi ideyasını ilk dəfə irəli sürərkən əsas diqqəti nəqliyyat seqmentinə yönəltsə də, hazırda layihəyə daha geniş kontekstdə yanaşır.