Ilham Aliyev – “Avropa Parlamenti sülh prosesinə sabotaj etməyə çalışır. Təsəvvür edin, beş il ərzində təhqiramiz bəyanatlarla dolu 14 qətnamə qəbul ediblər, bu artıq bir obsesiyadır”
Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onun sabotajı ilə məşğuldur, – bu barədə Azərbaycan Prezidenti Ilham Aliyev Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində video-müraciətində bildirib.
“Avropa Komissiyasına Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə təşəkkür etmək istəyirəm. Lakin bütün Avropa institutları eyni yanaşmanı göstərmir. Bunlara Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası daxildir. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, həmin dövrdə mən də fəal şəkildə Avropa Şurasının Parlament Assambleyasının fəaliyyətində iştirak edirdim. Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin üzvü idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimiz heç vaxt hər hansı məhdudiyyətlə üzləşməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. Biz özümüz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni icra etdik, hansı ki, 30 il yalnız kağız üzərində qalmışdı. Dörd ay sonra isə Avropa Şurasının Parlament Assambleyası nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi.
Təəssüf ki, ikili standartlar bu gün Avropa Şurasının Parlament Assambleyasının fəaliyyətinin bir növ metoduna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü qədər dəyərlidir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə onun sabotajı ilə məşğuldur.
2020-ci ildə Qarabağdakı ikinci müharibənin bitməsindən altı ay sonra, 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycana qarşı 14 qətnamə qəbul edib ki, bunlar təhqiramiz bəyanatlarla doludur. Təsəvvür edin, beş ildə 14 qətnamə. Bu artıq bir növ obsesiyadır. Son qətnamə isə cəmi dörd gün əvvəl, məhz sammitdən öncə qəbul edilib. Avropa Parlamentinin əsas problemlərə – ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabət qabiliyyəti və bəzi Aİ ölkələrində evsizlik kimi məsələlərə fokuslanmaq əvəzinə Azərbaycana qarşı böhtan və yalan yayması onun fəaliyyətinin istiqamətini göstərir. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və hərbi cinayətkarları məsuliyyətə cəlb etməsidir. Avropa Parlamentinin hərəkətlərinə cavab olaraq Azərbaycan parlamenti 1 may tarixində Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı rəsmi şəkildə dayandırıb, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində və “Euronest” Parlament Assambleyasında iştirakını dayandırıb.
Həmçinin üzvlüyün dayandırılması prosedurunun başlanması barədə qərar qəbul edilib. Bu sammitlər çərçivəsində biz açıq şəkildə mövqelərimizi və narahatlıqlarımızı bölüşdüyümüz üçün həmkarları bu proseslər barədə məlumatlandırmaq istəyirəm ki, dezinformasiya və manipulyasiyaya yer qalmasın”, – deyə Ilham Aliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əlaqələri dayandırıb və “Euronest”də üzvlüyün dayandırılması proseduru da başlayacaq.