İlham Əliyev - Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq
İlham Əliyev - Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq

 

Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyevin qeyd etdiyi kimi, zəruri potensiala malik hər bir ölkə tranzit ölkə olmağa can atır.

“Bu gün Orta Dəhliz, daha doğrusu, onun qollarından biri Asiyada başlayır və Xəzər dənizindən, Azərbaycandan keçməklə Gürcüstana, daha sonra Türkiyə və Avropaya, eləcə də gürcü dəniz limanlarından keçir. Bu, Azərbaycandan keçməklə Asiya ilə Avropanı birləşdirməyin yeganə yoludur. Beləliklə, Zəngəzur dəhlizi, yəni TRIPP, alternativ olacaq. İkinci dəhliz Ermənistanın ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Çalışdım bu ideyanı erməni həmkarıma çatdırım ki, nəticə etibarilə, onlar tranzit ölkəyə çevrilirlər. Zəruri potensiala malik hər bir ölkə tranzit ölkə olmağa can atır. Məsələn, biz də istəyirik ki, tranzit ölkəyə çevrilək. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan həyata keçirdiyi işğal siyasəti səbəbindən tranzit imkanlarından məhrum idi. Nəticə etibarilə, Zəngəzur dəhlizi sayəsində Ermənistan yükdaşımalardan tranzit haqqı əldə edəcək” – Əliyev bildirib.

Əliyevin qeyd etdiyi kimi, o, yaxın gələcəkdə Zəngəzur dəhlizi layihəsinin həyata keçiriləcəyinə əmindir. Dəmir yolunun tikintisinə gəlincə, Azərbaycan Prezidenti bildirir ki, 42 kilometrlik yolun tikintisi çox vaxt aparmamalıdır. O deyib ki, dəmir yolunun tikintisi üçün Azərbaycana bir il, Ermənistana isə bir neçə il lazım ola bilər.