İlham Əliyev və Marta Kos Davosda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi məsələlərini müzakirə ediblər
İlham Əliyev və Marta Kos Davosda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi məsələlərini müzakirə ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos Davosda keçirilən Dünya İqtisadi Forumunda görüş keçiriblər.

Azərbaycan mediasının yazdığına görə, İlham Əliyev ötən il Marta Kosun Azərbaycana etdiyi səfərdən, o cümlədən Qarabağa səfərindən məmnunluğunu ifadə edib.

Mediada bildirilir ki, danışıqlar zamanı İlham Əliyev və Marta Kos Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda energetika, regional nəqliyyat-kommunikasiya, humanitar, minatəmizləmə və digər sahələrdə əməkdaşlıq mövzuları, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də diqqət mərkəzində olub.

Marta Kos qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın humanitar və minatəmizləmə sahəsində fəaliyyətinə, eləcə də Naxçıvan istiqamətində dəmir yolu xətlərinin bərpası layihələrinə dəstək verməyə hazırdır. Azərbaycan Prezidentinin görüşü ilə bağlı məlumatı Marta Kos özü də yayıb.

Avropa komissarı “X” sosial şəbəkəsində yazıb ki, İlham Əliyevlə görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin icrasına dəstək verdiyini bildirib. “Biz Avropa ilə Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün işi daha da intensivləşdirmək barədə razılığa gəldik”, – deyə Marta Kos qeyd edib.