İlham Əliyev – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir

22:42, 24.10.2024

 
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir – bu haqda Azərbaycanın Prezidenti İlham Əliyev “BRİCS” sammitində deyib.

Əliyev bildirib ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Həmçinin İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır.

“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı institusional inkişafda böyük addım atıb və beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransı – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim məsələlərində əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik” – İlham Əliyev qeyd edib.

Oxşar