İlham Əliyev – Macarıstan Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürüdən ölkələrdən biridir
İlham Əliyev – Macarıstan Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürüdən ölkələrdən biridir

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Macarıstan Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparan ölkələrdən biridir.

Bu bəyanatı Azərbaycan Prezidenti Budapeştə səfəri zamanı verib. Səfər çərçivəsində o, Macarıstanın Baş naziri Viktor Orbanla görüş keçirib. Azərbaycan liderinin sözlərinə görə, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütmək çətindir.

“Çünki orada çoxlu qaydalar, çoxlu oturuşmuş prinsiplər mövcuddur və onlardan biri, təbii ki, Avropa İttifaqının vahid xarici siyasətidir. Buna baxmayaraq, mənim dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq,” – deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında həmçinin Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinə də toxunub.

“Biz həm İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarları, həm də sülh sazişi mətninin müəllifləri olmuşuq. Məhz həmin mətn bu gün Ermənistan tərəfindən qəbul olunub. Təbii ki, müəyyən düzəlişlərlə, lakin əsasən bizim təklif etdiyimiz məqamlar bu gün artıq Ermənistan tərəfindən qəbul edilib,” – deyə Əliyev bildirib.