İlham Əliyev İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir - "Dostumuzun və strateji tərəfdaşımızın dinamik inkişafı və nailiyyətləri bizi sevindirir, sizə uğurlar arzulayırıq"
İlham Əliyev İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir - "Dostumuzun və strateji tərəfdaşımızın dinamik inkişafı və nailiyyətləri bizi sevindirir, sizə uğurlar arzulayırıq"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir.

Prezident Əliyev iki dövlət arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsini vurğulayır.

“Müstəqillik Günü – 26 May münasibətilə şəxsən Sizi və bütün gürcü xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dost ölkə və strateji tərəfdaşımız olan Gürcüstanın dinamik inkişafı və nailiyyətləri bizi olduqca sevindirir. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər xalqlarımız arasında əsrlər boyu formalaşmış dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız yüksək səviyyəli siyasi dialoq, müntəzəm qarşılıqlı səfərlər və daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur” – İlham Əliyev qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti strateji tərəfdaşlığın daha da dərinləşməsinə diqqət çəkir.

“Aprel ayında gözəl ölkənizə etdiyim dövlət səfərini məmnuniyyətlə xatırlayıram. Prioritet sahələr üzrə səmimi və açıq dialoqumuz zamanı qəbul edilmiş qərarların strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə və praktiki nəticələrin əldə olunmasına mühüm töhfə verəcəyinə inancımı ifadə etmək istəyirəm. Hazırda ikitərəfli münasibətlərimizin gündəliyini yeni məzmunla zənginləşdirmək və regionumuzun iqtisadi potensialını artırmaq üçün əlverişli şərait yaradılmışdır. Əminəm ki, birgə səylərlə, xalqlarımızın və regionun rifahı naminə mövcud imkanlardan istifadə edərək, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə effektiv ikitərəfli əməkdaşlığı bundan sonra da genişləndirə biləcəyik. Sizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar, dost və qardaş gürcü xalqına isə davamlı sülh və rifah arzulayıram” – Azərbaycan Respublikasının Prezidentinin təbrik məktubunda qeyd olunub.