İlham Əliyev - Ermənistan rəhbərliyi mənim sözlərimə vaxtında qulaq assaydı və öz istəyi ilə torpaqlarımızı tərk etsəydi, ikinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsinə səfəri zamanı yenidən Zəngəzur haqqında danışdı. Azərbaycan Prezidentinin bəyanatına əsasən, Qarabağda və Zəngəzurda aparılan tikinti işlərinin miqyasının dünyada analoqu yoxdur.
“Beş ilə biz şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları tikmişik. Əsas odur ki, Azərbaycan xalqı sülh, xoşbəxtlik, əmin-amanlıq şəraitində yaşasın” – İlham Əliyev qeyd edib.
Azərbaycan Prezidenti həmçinin deyib ki, Ermənistan və onun arxasında dayanan qüvvələrin torpaqları Azərbaycana qaytarmaq niyəti yox idi.
“Biz uzun illərdir Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Lakin erməni tərəfinin, bunun arxasında dayananların başqa niyətləri var idi. Onlar torpaqlarımızı qaytarmaq niyətində deyildilər. Onlar və onların arxasında dayanan şəxslər, onları ruhlandıran böyük dövlətlərin liderləri sanki bu işğalın davamlı olmasını istəyirdilər. Lakin onlar bir şeyi nəzərə ala bilmədilər – Azərbaycan xalqının iradəsini, qətiyyətini, vətənə sədaqətini, Azərbaycan əsgərinin cəsarətini, qəhrəmanlığını və xalqımızın birliyini. Ermənistan rəhbərliyi mənim sözlərimə vaxtında qulaq assaydı və öz istəyi ilə torpaqlarımızı tərk etsəydi, ikinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı və üç mindən çox şəhidimiz olmayacaqdı” – İlham Əliyev qeyd edib.