İlham Əliyev Bakıda Corcia Meloni ilə görüşüb
İlham Əliyev Bakıda Corcia Meloni ilə görüşüb

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşüb.

Əliyev Corcia Meloni ilə birlikdə keçirilən mətbuat konfransında Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar olduğunu bildirib.

“Sizin bu gün Azərbaycana səfəriniz bir daha ölkələrimizin əlaqələrinin dərinməzmunlu olmasını vurğulayır. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi, çox böyük rəmzi məna daşıyır. Eyni zamanda, bu Azərbaycana göstərilən hörmətin və xoş niyyətin bariz təzahürüdür. Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik” – İlham Əliyev bildirib.

Öz növbəsində Corcia Meloni İtaliya ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Meloni bildirib ki, bu, 2013-cü ildən bəri İtaliyanın Baş nazirinin Azərbaycana ilk səfəridir.

“İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində həlledici rol oynadı. Bu əlaqələrin möhkəmləndirilməsi barədə söhbət apardıq. Dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək və daha yüksək səviyyəyə çatacaq” – Meloni bildirib.