İlham Əliyev - Əminəm ki, biz birgə səylərlə ölkələrimizin çiçəklənməsinə və bölgə sülhə töhfə verəcəyik, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm
İlham Əliyev - Əminəm ki, biz birgə səylərlə ölkələrimizin çiçəklənməsinə və bölgə sülhə töhfə verəcəyik, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir.

İlham Əliyev Gürcüstan prezidenti Salome Zurabişviliyə göndərdiyi məktubda yazır ki, Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub.

“Hörmətli xanım Prezident, dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır – biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə töhfə verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm. Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti”, – məktubda deyilir.