İlham Əliyev – Azərbaycan “Cənub Qaz Dəhlizinin” genişləndirilməsi ilə bağlı partnyorlarla məsləhətləşmələrə başladı
Azərbaycan “Cənub Qaz Dəhlizinin” genişləndirilməsi ilə bağlı partnyorlarla məsləhətləşmələrə başladı, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bəyan etdi.
“Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə, 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı partnyorlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”, – Əliyev bildirdi.
31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başladı. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə Bakıdan İtaliyanın cənubuna qədər 3,5 min kilometr uzanan “Cənub Qaz Dəhlizi” inteqrasiya olunmuş boru kəməri sistemidir. Əsas xammal mənbəyi 1,2 trilyon kubmetr ehtiyata malik Şahdəniz yatağıdır.