İctimai iaşə müəssisələrində istehlakçıya içkilərin plastik butulkada verilməsinə qoyulan qadağa qüvvədə qalır, tənzimləmə iyulun 1-dən qüvvəyə minəcək
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin izahatına əsasən, ictimai iaşə müəssisələri tərəfindən istehlakçıya içkilərin plastik butulkada verilməsinə qoyulan qadağa qüvvədə qalır və tənzimləmə iyulun 1-dən qüvvəyə minəcək.
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən plastik istehlakının azaldılması məqsədilə işlənib hazırlanmış tənzimləmələrin qüvvəyə minmə tarixləri ilə əlaqədar nazirlik izah edir:
2026-cı ilin aprelin birinə olan vəziyyətə əsasən, qadağan edilib: plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, sorucu boruların, içki qarışdırıcıların, genişlənmiş polistirol (EPS) materialından hazırlanmış qida konteynerlərinin/stəkanların və onların qapaqlarının istehsalı (ixrac məqsədi istisna olmaqla), idxal və ya bazara çıxarılması; Eyni zamanda dövlət satınalmaları çərçivəsində plastik stəkanların, konteynerlərin və 3 litrə qədər plastik butulkalarda içkilərin alışı qadağan edilir.
2026-cı ilin iyulun 1-dən qadağan ediləcək: ictimai iaşə müəssisələri tərəfindən plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və stəkanlar vasitəsilə istehlakçılara hazır qidanın verilməsi; Həmçinin, ictimai iaşə müəssisələri tərəfindən istehlakçıya içkilərin plastik butulkada verilməsi qadağan olunacaq.
2031-ci ilin fevralın 1-dən qadağan olunacaq: plastik butulkalarda içkilərin istehsalı (ixrac məqsədi istisna olmaqla), idxal və bazara çıxarılması. Qadağa həcmi 3 litr və daha çox olan içməli suya və həcmi 20 litr və daha çox olan digər içkilərə şamil edilməyəcək” – nazirlik tərəfindən yayılmış məlumatda qeyd olunub.