İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Tamar İoseliani ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən Alan Pörsellə görüşərək ölkənin nəqliyyat sektorunda həyata keçirilən layihələr barədə məlumat verib
Görüşdə “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze və ABŞ-ın dəmir yolu nəqliyyatı maşınqayırma korporasiyası Wabtec-in nümayəndələri də iştirak ediblər.
Nazirliyin məlumatına görə, Tamar İoseliani Gürcüstanın nəqliyyat və logistika sektorunda gedən proseslər, mövcud və planlaşdırılan iri layihələr barədə ətraflı danışıb. Bildirilib ki, bu layihələrin icrası Gürcüstanın Orta Dəhlizdə tranzit ölkə kimi rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.
Belə layihələrdən biri kimi “Gürcüstan Dəmir Yolları”nın modernləşdirilməsi göstərilib. Qeyd olunub ki, Gürcüstan cari il ərzində vaqon və lokomotiv parkının yenilənməsi üçün 1 milyard lari xərcləməyi planlaşdırır. Nazir müavini vurğulayıb ki, ölkənin tranzit funksiyasının inkişafı hökumətin prioritet istiqamətidir və bu baxımdan dəmir yollarının təhlükəsiz və fasiləsiz fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı Wabtec şirkətinin nümayəndələri lokomotiv parkının yenilənməsi layihəsinə maraq göstəriblər. Tərəflər razılaşıblar ki, “Gürcüstan Dəmir Yolları” qarşıdakı satınalma ilə bağlı Amerika şirkətinə ətraflı məlumat təqdim edəcək.
Görüşdə həmçinin Anaklia dərin dəniz limanı, Şərq–Qərb magistralı, Tbilisinin yeni hava limanı və digər iri infrastruktur layihələri ətrafında da fikir mübadiləsi aparılıb.