İqtisadi əməkdaşlıq çərçivəsində ABŞ nümayəndə heyəti Azərbaycan hakimiyyəti ilə 8 milyard dollarlıq müqavilələr imzalayıb
İqtisadi əməkdaşlıq çərçivəsində ABŞ nümayəndə heyəti Azərbaycan hakimiyyəti ilə 8 milyard dollarlıq müqavilələr imzalayıb

 

İqtisadi əməkdaşlıq çərçivəsində ABŞ nümayəndə heyəti Azərbaycan hakimiyyəti ilə 8 milyard dollarlıq müqavilələr imzalayıb.

Bu barədə ABŞ tərəfindən Strateji İşçi Qrupunun həmsədri, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kaleb Orr Bakıda, Azərbaycan-ABŞ birinci iqtisadi dialoqunun yekunlarına həsr olunmuş brifinqdə açıqlayıb.

O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib.

ABŞ-nin rəsmi nümayəndəsi bildirib ki, tərəflər regional sülh, enerji təhlükəsizliyi, ticarət və rəqəmsal infrastruktur sahələrində əlaqələri genişləndirməyi planlaşdırırlar.

Kaleb Orr xüsusilə qeyd edib ki, nümayəndə heyətinin Bakıya səfəri zamanı SOCAR ilə ABŞ-nin özəl sektoru, eləcə də Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında dəyəri 8 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb. O qeyd edib ki, tərəflər enerji, kritik mineralların tədarük zənciri, regional nəqliyyat və tranzit marşrutları, aviasiya əməkdaşlığı, süni intellekt texnologiyalarının tətbiqi və Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi istiqamətlərində konkret layihələri müzakirə ediblər.

“Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər inkişaf edir və bu, yalnız başlanğıcdır” – Kaleb Orr əlavə edib.